“Qarabağ” uduzdu və legionerlərə qapını göstərdi
20.01.2010 - 16:24
“Qarabağ” uduzdu və legionerlərə qapını göstərdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” klubu bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, bu gün iki müxtəlif heyətin hər biri ilə bir matç keçirməyi planlaşdıran ağdamlıların ilk sınağı artıq başa çatıb. Bu qarşılaşmada Qurban Qurbanovun yetirmələri Rusiyanın aşağı dəstə təmsilçisi “OİK-Enerji” ilə görüşüb. Matç başlamazdan əvvəl 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edən komandalar yalnız bundan sonra mübarizəyə başlayıb.

Rusiyalılarla görüşdə “Qarabağ” əsasən baxışda olan futbolçulara güvənib. Ağdamlılar “OİK-Enerji”yə 1:4 hesabı ilə məğlub olub. Təmsilçimizin heyətində yalnız Zaur Həşimov fərqlənə bilib. Komandasının zəif oyunundan və nəticədən narazı qalan Qurbanov matçdan sonra klubun rəsmi internet saytına açıqlamasında baxışda olan oyunçuların əksəriyyətinin geri qaytarılacağını bildirib.

Qeyd edək ki, “Qarabağ” bu gün fərqli heyətlə keçirəcəyi ikinci oyunda Qazaxıstanın “İrtış” klubu ilə üz-üzə gələcək.
0