Vaqif Sadıqov: Mərkəz müdafiəçisinə ehtiyacımız var
21.01.2010 - 11:30
Vaqif Sadıqov: Mərkəz müdafiəçisinə ehtiyacımız var
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının «Neftçi» klubunun baş məşqçisi Vaqif Sadıqov Peşəkar Futbol Liqasının rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının hazırlığı və seleksiya işləri haqda fikirlərini açıqlayıb.

- Komandanın hazırlıq prosesi necə gedir?
- Komandamız planlı şəkildə qış hazırlığını davam etdirir. Klubun rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Komandamız gündə 2 dəfə olmaqla məşq edir, yoxlama oyunları keçiririk. Bu matçlarda bütün oyunçularımıza şans veririk ki, onlar bu görüşlərdə özlərini yaxşı tərəfdən göstərə bilsinlər.

- Artıq ilk yoxlama görüşünüzü keçirimisiniz. Bundan sonra daha neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub?
- Bundan sonra daha 3 və ya 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. Yanvarın 22-də Türkiyə Superliqasında çıxış edən “Antalyaspor”la oyunumuz var. Ayın 25-də qarşılaşacağımız rəqibin kimliyi tam dəqiqləşməyib, lakin ehtimal var ki, bu, Rumıniya klublarından biri olacaq. Ayın 27-də isə Rusiya Premyer Liqasında çıxış edən “Amkar” ilə görüşümüz olacaq.

- Ukrayna “Çernomorets”i ilə oyunda baxışda olan 4 oyunçuya - Valeri Abramidze, Amadu Anta, Vladimir Voskoboynikov və Nikolay Alekseyevə özünü göstərmək imkanı verdiniz. Onlar haqqında qərar verilibmi?
- Seneqallı müdafiəçi Amadu Anta bizi qane etmədi, ona görə düşərgəni tərk edəcək. Digər üç futbolçu ilə işimizi davam etdirəcəyik və irəlidəki oyunlarda onları yenə sınamağı planlaşdırırıq.

- Bundan sonra hər hansı bir futbolçu ilə yollarınızı ayıra bilərsinizmi?
- Ola bilər. Qarşıdakı günlərdə komandaya baxışa futbolçular dəvət olunacaq. Bəzi mövqelərimizdə boşluqlar var, onları doldurmaq üçün yeni gələn futbolçuları sınaqdan keçirəcəyik. Bundan sonra komandadan gedəcək və ya qalacaq futbolçular barəsində son qərar veriləcək.

- Əsasən hansı mövqelərə yeni futbolçular transfer olunacaq?
- Bildiyiniz kimi, müdafiəçilər Tural Nərimanov və Ruslan Abışov ciddi zədəli olduqlarına görə mərkəz müdafiəçi mövqeyində oynayacaq futbolçuya ehtiyacımız var. Dayaq yarımmüdafiəçisi mövqeyində ciddi problemimiz var ki, biz də bunu həll etməyə çalışırıq. Həmçinin indiki 2 hücumçumuzdan daha səviyyəli ön xətt oyunçusu olsa, o mövqeyə də bir futbolçu götürə bilərik.

- Yeri gəlmişkən, Tural Nərimanov və Ruslan Abışovun vəziyyəti necədir? Onlar Unibank Premyer Liqasının startına kimi hazır ola biləcəklərmi?
- Tural Nərimanov yanvarın 18-də əməliyyat olunub və 2 həftədən sonra məşqlərə başlayacaq. Ruslan Abışıov isə ayın 11-də əməliyyat olunub və yanvarın 22-dən komandaya qoşulacaq. Buna baxmayaraq, Ruslan fərdi planla hazırlaşacaq. Premyer Liqanın başlanğıcına kimi onların hazır olacağını indidən deyə bilmərik. Onların özündən də çox şey asılıdır. İndiki vəziyyətdə bu futbolçuları əvəz edə biləcək oyunçuların axtarışına çıxmışıq. Qarşıda bizi çox ağır oyunlar gözləyir, ona görə də ciddi hazırlaşmalı və zəif mövqelərimizi gücləndirməliyik.
0