İquita futboldan gedir
21.01.2010 - 12:26
İquita futboldan gedir
Dünyada tanınmış qapıçılardan olan Rene İquita 44 yaşında yaşıl meydanda çıxışını başa vurmağı qərara alıb. Apasport.az saytının məlumatına görə, xarici görünüşü, meydanda qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edən “El Loko” ləqəbli kolumbiyalı qapıçı bazar günü vida oyunu keçirəcək. Vətənində “Nasyonal” stadionunda baş tutması nəzərdə tutulan görüşdə 1990-cı ildəki futbolçularla kolumbiyalı ulduz oyunçular üz-üzə gələcək. Dəvətlilər arasında ölkə prezidenti Alvaro Uribe ilə yanaşı, Ronaldo, Ronaldinyo, Dieqo Maradona kimi məşhur futbolçular var.

20 illik peşəkar karyerası olan İquita sonuncu dəfə vətənində “Deportivo Pereyra” klubunda çıxış edib. Ancaq sözsüz ki, bu qapıçının adı çəkiləndə onun 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının final mərhələsində meydanda çıxardığı hoqqalar yada düşür. Renenin Kamerun yığması ilə 1/4 final oyununda topu ələ keçirdikdən sonra meydanda xeyli irəliləməsi milli komandasına baha başa gəlib. Belə ki, kamerunluların 42 yaşlı lideri Roje Milla topu ondan alıb, qol vurmaqla yığmasını hesabda irəli çıxarıb (2:1) və sonda Kolumbiya mundialla vidalaşmalı olub.

İngiltərə yığması ilə “Uembli” stadionunda yoldaşlıq görüşündə də meydanda şou göstərən Renenin topu qaytardığı hərəkəti futbol aləmində “Əqrəb zərbəsi” adlanıb. Qıvrım saçları, estetik görkəmi olan İquita qapısını tez-tez tərk edərək, qol vurmağa çalışdığı epizodlarda komandasını çətin vəziyyətlərdə qoyması az olmayıb.

Qeyd edək ki, İspaniyada “Valyadolid”, Meksikada “Verakruz”, Ekvadorda “Aukas”, Venesuelada “Quaros” komandalarında çıxış edən Rene ümumilikdə 303 oyunda 38 qol vurub.
0