Yuri Syomin Azərbaycan çempionatına həsəd aparır
21.01.2010 - 13:45
Yuri Syomin Azərbaycan çempionatına həsəd aparır
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı zamanı yoxlama oyunlarını idarə edən azərbaycanlı hakimlər özləri haqda müsbət fikir formalaşdırıb. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərimizdən razı qalan məşqçilərin yüksək səviyyəli idarəçilik üçün onlara təşəkkür etməsi artıq adi hala çevrilib.

Almaniyanın “Bavariya” və Rusiyanın “Lokomotiv” klublarının əvəzedici heyətlərinin qarşılaşmasını idarə edən Əfqan Həmzəyev də xoş sözlər qazana bilib. Matçdan sonra o, məşhur Mehmet Şollun təşəkkürünə layiq görülüb. Belə ki, alman əvəzedicilərin çalışdırıcısı Həmzəyevə yaxınlaşaraq gözəl hakimliyə görə minnətdarlığını bildirib.

“Lokomotiv”in əsas heyətinin Ukrayna təmsilçisi “Dnepr”lə oyunundan sonra isə məşhur rusiyalı mütəxəssis Yuri Syomin hakimlikdən ağızdolusu danışıb. 63 yaşlı mütəxəssis Fariz Yusifov və onun köməkçilərinə minnətdarlıq edib. Syomin hətta Azərbaycan çempionatında çıxış edən klublara da həsəd apardığını gizlətməyib: “Mən sevinirəm ki, Azərbaycanda belə hakimlər yetişib. Kaş ki, Rusiya Premyer Liqasında da belə hakimlik olardı”.

Rusiya “Dinamo”sunun “Dnepr”lə oyununu izləyənlər arasında məşhur türkiyəli mütəxəssis Şenol Günəş də olub. Matdan sonra o, həmyerlimiz Gəray Qarayevə yaxınlaşaraq çox gözəl hakimlərimizin olduğunu bildirib.
0