Vaqif Cavadov “Tvente”yə niyə getmir?
21.01.2010 - 13:57
 Vaqif Cavadov “Tvente”yə niyə getmir?
Ağdamın “Qarabağ” komandasından Hollandiya “Tvente”sinə transfer olan Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov hələ də yeni klubunun düşərgəsinə yollana bilmir.
Bu haqda Lent.az-a 21 yaşlı hücumçunun atası, veteran futbolçu Füzuli Cavadov məlumat verib.

Onun sözlərinə görə, səfərin ləngiməsi hələ də Hollandiyaya gediş üçün işçi vizasının açılmaması ilə bağlıdır: “Artıq “Tvente” rəhbərliyi Vaqif Cavadova 4 illik viza verilməsi xahişi ilə Hollandiyanın Daxili İşlər Nazirliyinə müraciət edib. Hollandiya tərəfi də Azərbaycan Daxili İşlər Nazirliyinə müvafiq məktubu yolladıqdan sonra Vaqifin səfəri baş tutacaq. Amma hələ ki, nazirliyimizə məktub gəlməyib”.

“Tvente” Hollandiya çempionatında növbəti oyununu yanvarın 24-ü səfərdə “Qroningen”ə qarşı keçirəcək. Atası Vaqif Cavadovun həmin oyunda iştirakının da baş tutmayacağını bildirib. Hələliksə, yığmamızın futbolçusu “Qarabağ”ın əvəzedici heyəti ilə məşq edir. Əsas heyət üzvləri isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısındadır: “Vaqif formasını qorumaq üçün “Qarabağ”ın əvəzedici heyət üzvləri ilə birgə hazırlaşır. Eyni zamanda, səhərlər dəniz qırağında qaçırıq”.

Qeyd edək ki, Vaqif Cavadov yanvarın 11-də “Tvente” ilə 3,5 illik müqavilə bağlayıb.
0