Rusiyada azərbaycanlı prezidentin klubu dağıldı
21.01.2010 - 14:14
Rusiyada azərbaycanlı prezidentin klubu dağıldı
Azərbaycanlı iş adamı Nazim Əfəndiyevin prezidenti olduğu Rusiyanın “Nosta” klubu dağılıb.

Apasport.az saytının məlumatına görə, Rusiya çempionatının birinci divizionunda çıxış edən Novotroitsk təmsilçisi maddi dəstəkdən məhrum qalması nəticəsində peşəkar statusunu itirib. Komandanı saxlayan “Uralskaya Stal” kombinatı və “Metalloinvest” holdinqi maliyyələşmənin dayandırılması haqda qərar çıxarıb. Bundan sonra diqqətini şəhərdə kütləvi idmanın inkişafına, onun maliyyələşməsinə yönəldəcək iqtisadi qurumlar uşaq-gənclər idman məktəblərinin xeyrinə seçim edib.

Qeyd edək ki, 1963-cü il dekabrın 16-da Bakıda anadan olan Əfəndiyev “Uralskaya stal”da baş direktor, “Metalloinvest”də birinci müavin, icraçı-direktor işləyib. Uzun illərdir Rusiyada yaşayan, təhsilini də orada alan, ixtisasca hərbi tərcüməçi olan həmyerlimiz Böyük Britaniyada da oxuyub. Əfəndiyevin rəhbərlik etdiyi klubda baş direktorun müavini olan Cavanşir Əliyev də həmvətənimizdir. 1991-ci ildə yaradılan “Nosta”da bizim futbolçulardan yığmamızın sabiq müdafiəçisi Emin Ağayev çıxış edib. 37 yaşlı futbolçu komandada kapitan sarğısını da daşıyıb.
0