Kravçenko Azərbaycan yığmasına qarşı
21.01.2010 - 14:29
Kravçenko Azərbaycan yığmasına qarşı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoxlama oyunlarındakı daha bir rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Ukrayna Premyer Liqasında çıxış edən “Dnepr” klubunun əsas heyəti ilə görüşəcək. Bu, ilk matçında Şotlandiyanın “Reyncers” klubunun əvəzedici heyətinə 0:3 hesabı ilə uduzan yığmamızın sayca üçüncü sınağı olacaq. Futbolçularımız Dnepropetrovsk təmsilçisi ilə oyuna qədər digər Ukrayna klubu “Şaxtyor”la üz-üzə gəlməlidir. Komandamız donetsklilərin əvəzedici heyəti ilə sabah – yanvarın 22-də qarşılaşacaq.

Qeyd edək ki, Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu, bir müddət məşhurlaşaraq Ukrayna yığması və Kiyev “Dinamo”suna cəlb olunan Sergey Kravçenko da hazırda “Dnepr”də çıxış edir.
0