“Bakı” klubunun legioneri “Birlik kuboku” turnirində rekord vurdu
21.01.2010 - 15:25
“Bakı” klubunun legioneri “Birlik kuboku” turnirində rekord vurdu
“Bakı” klubunun legioneri Vadim Borets “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin rekordçusu olub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı moldovalı futbolçu karyerasını davam etdirənlər arasında turnirdə ən çox oyun keçirməsi ilə öyünə bilər. Borets “Birlik kuboku”nda 1994-cü ildən müxtəlif komandaların heyətində 41 oyun keçirib. Bunlardan son 3-ü ilk Azərbaycan çempionluğunu qazandığı, ilk yarımdır çıxış etdiyi “Bakı”nın heyətində olub. Vadim “Vaxş” (Tacikistan), “Aktobe” (Qazaxıstan) ilə oyunlarda ikinci hissədə meydana daxil olubsa, HİK (Finlandiya) ilə görüşdə 90 dəqiqə oynayıb. Ümumilikdə 145 dəqiqə meydanda olan Borets latviyalı Oleq Blaqonadejdinin rekordunu qırıb.

“Birlik kuboku”nun mütləq rekordçusu isə Oleqin həmyerlisi, uzun illər “Skonto” klubunda və Latviya yığmasında bir yerdə oynadığı Mixail Zemlinskidir – 46 oyun. Ancaq Zemlinskinin də artıq futbolçu karyerasını bitirdiyini nəzərə alsaq, Boretsi hazırda rekordçu saymaq olar.

Qeyd edək ki, 2005-ci ilin yayından ölkəmizdə çıxış edən Vadim “Birlik kuboku”nda 16 yaşında Moldovanın “Zimbru” klubunda debüt edib. İki dəfə fəxri kuboku qazanan Borets ilk dəfə “Şerif”, sonra “Neftçi” ilə buna nail olub. Onun üç komanda ilə “Birlik kuboku”nun finalına çıxması, dörd komanda ilə turnirdə iştirakı da rekorddur. “Bakı” ilə turnirdə yolu qısa olan moldovalı heç olmasa şəxsi göstəriciləri ilə təsəlli tapa bilər.
0