Sissoko ehtiyatda oturub... tarix yazır
21.01.2010 - 17:09
Sissoko ehtiyatda oturub... tarix yazır
“Bakı” klubunun seneqallı qapıçısı Xalidu Sissoko Azərbaycan təmsilçilərinin 18 ildir iştirak etdiyi “Birlik kuboku” turniri tarixində uğurlu seriyaya malikdir. Apasport.az saytının hesablamalarına görə, 32 yaşlı afrikalı adətən Moskvada keçirilən turnirlərdə artıq ardıcıl 4 oyundur qol buraxmır.

Rəqib futbolçular 360 dəqiqədir Sissokonun qapısına yol tapa bilmir. “Birlik kuboku”nda çıxış edən çoxsaylı qapıçılarımızdan heç biri belə göstəriciyə malik olmayıb. 2004-cü ilin yayından “Bakı”da oynayan Xalidunun “Birlik kuboku”nda debütü uğursuz olub. Hər halda, Moldovanın “Şerif” klubu ilə görüşdə (3:4) seneqallı 4 dəfə topu qapısından çıxarmaq məcburiyyətində qalmışdı. Ancaq Sissoko sonradan qrupda Qırğızıstanın “Dordoy-Dinamo” (2:0), Estoniyanın “Levadiya” (2:0) klubları, 1/4 finalda Moskva MOİK-i (0:0) ilə oyunlarda qapısını toxunulmaz saxlaya bildi. “Bakı” MOİK-ə oyun sonrası penaltilər seriyasında uduzdu ki, bu zaman qapıçının buraxdığı qollar hesaba alınmır. Yəni futbolçunun oyun vaxtı göstəriciləri əsas götürülür.

Sissoko “Bakı”nın “Birlik kuboku”nda ikinci iştirakı zamanı da debüt oyununda qapıda idi və bu dəfə komandanı kapitan kimi meydana çıxardı. Ona Tacikistanın “Vaxş” klubunun (2:0) da futbolçuları qol vura bilmədi. Bu azmış kimi, Xalidu həmin görüşdə qol vurmaq eşqinə də düşdü. Ancaq taciklərin qapısına penalti zərbəsi təyin olunduğu zaman zərərçəkən braziliyalı komanda yoldaşı Jaba topu ona vermədi və özü də zərbəni dəqiqə vurmadı.

Bülənt Korkmazın “Bakı”nın baş məşqçi postuna gəlişindən sonra əsas heyətdə yerini itirən Xalidu HİK və “Aktobe” ilə görüşlərdə də ehtiyatda qaldı. Onun xorvat həmkarı Marko Şarliya hər iki oyunda iki qol buraxdı. Göründüyü kimi, türkiyəli mütəxəssisin ehtiyatda oturduğu Sissoko “quru seriya”sı ilə tarixə düşüb.

Qeyd edək ki, “Bakı”nın heyətində bir neçə dəfə “quru seriya”sı olan Sissoko hətta Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) rekordçuları sırasına düşüb.
0