“Muğan” moldovalıları “ələkdən keçirir”
21.01.2010 - 18:11
“Muğan” moldovalıları “ələkdən keçirir”
Salyanın “Muğan” klubu baxışa çağırdığı moldovalı futbolçulardan birinin taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, on günə yaxındır klubun düşərgəsində olan Vitali Manaliu artıq vətəninə qayıdıb. Buna onun ustalıq səviyyəsinin baş məşqçi Almir Hurtiçi qane etməməsi səbəb olub. Baxışa dəvət olunan futbolçular arasında komandanın düşərgəsində ən çox qalan legioner hazırlıqlarda özünü yaxşı tərəfdən göstərə bilməyib.

Bosniyalı mütəxəssis Manaliunun həmyerlisi Vadim Krişmar haqda isə daha yüksək fikirdədir. “Muğan”ın düşərgəsinə bir neçə gün əvvəl gəlməsinə baxmayaraq, 21 yaşlı hücumçu baş məşqçinin rəğbətini qazana bilib. Amma Krişmarı texnikalı oyunçu sayan Hurtiç moldovalını bir daha sınamaq niyyətindədir.

Gənc futbolçu ölkəmizə “Şfintul Georgi” klubundan gəlib və oradakı son mövsümdə 17 matça 4 qol vurub. “Muğan” rəhbərliyinin Vadimlə bağlı qərarın yaxın günlərdə verəcəyi gözlənilir.
0