Gülə-gülə 1/4-ə! -YENİLƏNİB
21.01.2010 - 22:34
Gülə-gülə 1/4-ə! -YENİLƏNİB
Bu gün futzal üzrə Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında növbəti matçına çıxacaq. Yığmamız A qrupunda ikinci, sonuncu oyununda Çexiyanı sınağa çəkəcək. İki gün öncə meydan sahiblərini məğlub etmiş futzalçılarımızın 1/4 finala yüksəlməsi üçün 1 xal lazımdır.

Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri Bakı vaxtı ilə saat 21:00-da başlanacaq oyunun nəticəsini onlayn təqdim edəcək. Sadiq oxucularımız matçda vurulacaq qolların müəllifi, yaşanacaq maraqlı hadisələr, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərlər.


A qrupu
21:00 Azərbaycan – Çexiya - 6:1
Qollar: Maşado, 3; 37; Vitali Borisov, 8; 28; Serjio, 11; Tyaqu, 24 - Lukas Rejetar, 27
Azərbaycan: 1.Andrey Tveryankin, 4.Serjio Luis Lukas, 5.Felipe Ribeyro Dos Santos, 8.Rizvan Fərzəliyev, 10.Nilson Maşado
Ehtiyat oyunçular: 3.Sergey Çuykov, 6.Ediqluson Alves de Souza, 7.Rəcəb Fərəczadə, 9.Qabriel Tyaqu Rodriges, 11.Namiq Məmmədkərimov, 12.Marat Salyanski (k), 14.Vitali Borisov
Baş məşqçi: Joze Alesio da Silva
Çexiya: 1.Tomaş Meller, 3.Yozef Havel, 9.David Frik (k), 13.Zdenek Slama, 14.Yan Yanovski
Ehtiyat oyunçular: 12.Libor Qerçak, 2.Vit Blajej, 4.Radovan Kraulik, 5.Radek Polasek, 8.Marek Kopeçki, 10.Lukas Rejetar, 11.Mihal Belej
Baş məşqçi: Tomas Neumann
Hakimlər: Aleksandr Remin (Belarus), Boqdan Soresku (Rumıniya), Massimo Cumbo (İtaliya)
Hakim-inspektor: Yurki Filppu (Finlandiya)
UEFA nümayəndəsi: Pedro Dias (Portuqaliya)

***Yığmamız oyunun startına 1,5 saat qalmış matçın keçiriləcəyi “Papp Laslo” İdman Sarayına gəldi.

***Çexlərlə bugünkü görüşü revanş qarşılaşması da adlandırmaq olar. Çünki 2 il öncə dünya çempionatının seçmə qrup mərhələsinin son turunda Çexiyaya 2:3 hesabı ilə uduzan milli komandamız mübarizəni erkən dayandırmışdı. Halbuki futzalçılarımız həmin oyunda hətta heç-heçə nəticəsində də pley-off mərhələsinə yüksələ bilərdi. Ümumiyyətlə, indiyədək çexlərlə keçirdiyimiz hər 3 matçda uduzmuşuq: 2:10, 4:8, 2:3.

***Macarıstanla oyunla müqayisədə, hakimlər briqadasında cəmi bir dəyişiklik var. Belə ki, bu dəfə bizim görüşümüzə belçikalı Paskal Lemal təyinat almayıb. Onu rumıniyalı Boqdan Soresku əvəzləyib. Həm də çexlərlə matçda baş hakimlə ehtiyat hakim yerini dəyişib. Aleksandr Remin ehtiyat yox, baş hakim olacaq.

***Cəzası başa çatan Rəcəb Fərəczadə heyətə qayıdıb və o, çexlərlə matçda oynaya bilər.

***Görüşə maraq bir o qədər də böyük deyil. İdman Sarayında təxminən 1000 azarkeş var. Onların arasında təbii ki, həmyerlilərimiz də var.

***Start fitindən öncə Fransa futbol yığmasının keçmiş üzvü, dünya və Avropa çempionu Kristian Karambö dəvət olundu. O, futzalçıların hər biri ilə görüşdü.

Oyun başlandı.

2-ci dəq. İlk real qol epizodu. Müdafiəçilərin kobud səhvindən sonra topu oğurlayan Serjio qapıçı ilə təkbətək çıxır. Lakin onun zərbəsi qapının üstündən keçir.

QOLLLLLLLL
2-ci 45-ci saniyə. Maşado sağ cinahdan qüvvətli zərbə ilə hesabı açdı.

Qoldan sonra oyun qarşılıqlı hücumlar şəraitində keçir. Çexlər pressinq tətbiq etməyə başlayırlar.

7-ci dəq. 25-ci saniyə. Vitali Borisov qapıçı ilə təkbətək çıxdı və şansını boşa vermədi - 2:0

Qoldan dərhal sonra çexlərin kəskin hücumu oldu.

10-cu dəq. 29-cu saniyə. Daha bir qol!!! Felipe topu qapı ağzında əlverişli mövqedə dayanmış Serjioya ötürür. Sonuncu çətinlik çəkmədən topu tora qovuşdurur.

13-cü dəq. Andrey Tveryankin milli komandamızı real qoldan xilas etdi. 43 yaşlı qapıçımız uzaq məsafədən göndərilən topu qaytardı, özü isə dirəyə dəydi.

16-cı dəq. Yenə Tveryankin yaxşı oynayır. O, 1 dəqiqə ərzində iki dəfə təhlükəli zərbənin qarşısını aldı

Qapıçımızın son dəqiqələrdə işinin artması komandamızın müdafiəyə çəkilməsi ilə bağlıdır.

Komandamız fasiləyədək hesabı qorumağa çalışır.

19-cu dəq. Çexiya yığması daha bir dəfə fərqlənmək imkanı qazandı. Ancaq Yan Yanovskinin zərbəsi zamanı idman xoşbəxtliyi bizim tərəfimizdə oldu.

Birinci hissə başa çatdı.

İkinci hissə başlandı.

Yığmamız macarlarla görüşdə olduğu kimi, yenə də ikinci hissədə oyunu müdafiədən qurur.

23-cü dəq. 29-cu saniyə. Tyaqu çox sadə bir vəziyyətdə topu qapıya göndərdi. Onun təxminən 7 metrlik məsafədən zərbəsi zəif, amma dəqiq alındı.

25-ci dəq. Çexlər əks-hücuma keçdi. 1 müdafiəçimiz 3 rəqibə qarşı qaldı. Ancaq həlledici zərbəni vurmaq mümkün olmadı. Çexiya komandasının növbəti hücumunda isə qapı dirəyi bizi qoldan xilas etdi.

26-cı dəq. 4-cü saniyə. Lukas Rejetar hesab arasındakı fərqi azaltdı - 4:1.

Ümumiyyətlə, ikinci hissənin əvvəlində bir neçə dəqiqə qapalı oyun oldu, ardından tamaşaçılar açıq futbolun şahidi oldular.

28-ci dəq. 45-ci saniyə. Vitali Borisov sağ cinahdan ötürməni qəbul etdi və qapıçı ilə üzbəüz qaldı. O, uzaq küncü dəqiq nişan alaraq, dublunu rəsmiləşdirdi.

31-ci dəq. Çexiya yığmasının üzvü Yozef Havel cərimə zərbəsini yeriə yetirdi. Qapı dirəyi köməyimizə gəldi. Daha sonra çexlərin daha bir zərbəsi qapı tirinə dəydi.

Təxminən 10 dəqiqədir ki, oyun meydanın mərkəzində gedir. Çexlər heç qapıçını sahə oyunçusu ilə də əvəzləmir. Görünür, onlar məğlubiyyətlə barışıblar.

37-ci dəq. 31-ci saniyə. Rəcəb Fərəczadəni yıxırlar, nəticədə Çexiyanın passivinə 6-cı cərimə xalı yazılır və yığmamız 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanır. Maşado fürsəti əldən vermir - 6:1.

Beləliklə, matç başa çatdı və milli komandamız 100 faizlik göstərici ilə 1/4 finala yüksəldi.
0