Joze Alesio da Silva: Bu bizə problem yaradır
22.01.2010 - 00:05
Joze Alesio da Silva: Bu bizə problem yaradır
Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatında keçirdiyi ikinci matçda Çexiya üzərində möhtəşəm qələbə qazanan (6:1) Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silvanın iştirakı ilə oyundan sonra mətbuat konfransı keçirilib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, braziliyalı mütəxəssis qarşılaşmanın gedişi haqda fikirlərini bildirib və gələcək planlardan danışıb.

- Komandamız əla oynadı. Çexiya təcrübəli və yaxşı komandadır. Rəqibin güclü olmasına baxmayaraq, birinci dəqiqədən axırıncı dəqiqəyədək oyuna nəzarəti əldən buraxmadıq. Bu məni çox sevindirir. Qələbə münasibətilə yetirmələrimi təbrik edirəm!

- Yığmamız qrupda birinci yeri tutdu. Növbəti mərhələdə B qrupunun ikincisi ilə qarşılaşacağıq. Çox güman ki, həmin qrupda ikinci sırada Ukrayna və ya Belçika qərarlaşacaq. Bu komandalar haqqında nə düşünürsünüz və 1/4 finalda bunlardan hansı ilə görüşmək istərdiniz?
- Yəqin ki, 1/4 finalda rəqibimiz Ukrayna olacaq. Ancaq növbəti matçımız heç də asan keçməyəcək. Çünki Ukraynada futzal adət-ənənəsi var, Yenə də deyirəm, növbəti rəqibimizin kim olacağı bilinmir. Bu isə bizə problem yaradır. Növbəti görüşə qədər olan 4 günlük fasilə çox pisdir. Üstəlik, rəbimizi də tanımırıq. Belə fasilənin yaranması bizə əlverişli deyil. İndi futzalçılarımız oynamaq istəyirlər. Bura gələndə komandamız tam hazır idi. İki ardıcıl oyuna çıxdıq, fasilə isə tempə mənfi təsir göstərəcək.

- Qələbəni kimə həsr edirsiniz və bu möhtəşəm uğuru necə qeyd edəcəksiniz?
- Qələbəni Azərbaycan xalqına həsr edirəm. Çünki onlar bizi dəstəkləyir, çıxışımızı izləyirlər. İstirahət haqda isə hələ düşünmürük. Bu gün gecə yenə də matçın videoyazısına baxacağam. Yəni, iş başında olacağam. Çempionat başa çatdıqdan sonra dincələcəyik.

- Qrup qalibi olduğunuz üçün 1/4 final görüşünü Debretsendə yox, Budapeştdə keçirəcəksiniz. Buna sevinirsiniz?
- Əlbəttə. Əlavə yol qət edib, Debretsenə getməməyimiz yaxşıdır.

- Qarşıdakı iki gün ərzində futzalçılarla şəhərə çıxıb gəzmək, dincəlmək fikriniz var?
- Yox. Sabah ola bilsin ki, oyunçular üzgüçülük zalında olacaqlar və masaj qəbul edəcəklər.
0