“Legioner deyilik ki, UEFA və ya FİFA-ya şikayət edək”
22.01.2010 - 04:32
“Legioner deyilik ki, UEFA və ya FİFA-ya şikayət edək”
Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda “Xəzər-Lənkəran” klubunun məşqçisi postunda çalışan Tərlan Əhmədovun apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi

- Ölkə mətbuatına müsahibənizdə 3 il formasını geyinib kapitan sarğısını daşıdığınız “Olimpik-Şüvəlan” klubunun sizə 17 min dollar borcu olduğunu demisiniz. Bu problemin həlli istiqamətində yenilik varmı?
- Mən o komandada əziyyət çəkmişəm. Kimsə kimin haqqını yeməməlidir. Əksər klubların borcu var mənə. O vaxt bununla bağlı AFFA-ya şikayət etmişdik. İndi “Olimpik-Şüvəlan”ın prezidenti dəyişib. Yəqin ki, indiki prezident Vaqif müəllim (Vaqif Qasımov -red) bu problemin həllində mənə kömək edəcək.

- Vaqif müəllim saytımıza açıqlamasında bu borcun əvvəlki prezident Rəsul Rəsulovun dövründən qala biləcəyini istisna etməyib. Həmçinin bildirib ki, hazırda “Olimpik-Şüvəlan”ın hansısa futbolçuya borcu yoxdur...
- Vaqif müəllimin həmin fikirləri ilə tanışam. Bu barədə söhbətimiz olub. Bakıya qayıdanda onunla yenə görüşəcəyəm.

- Əksər klublardan alacağınızın olduğunu söylədiniz. Bəs bu məsələdə sonadək mübarizə aparıb, şikayət etməklə borcunuzu almaq fikriniz varmı?
- Biz legioner deyilik ki, UEFA və ya FİFA-ya şikayət edək. Buna görə şikayət etməyə ehtiyac yoxdur. Nə bilim, Allah onların ürəklərinə insaf versin. Özü də, mən tək deyiləm axı. 7-8 futbolçuya borcları var. Hətta deyərdim ki, bəlkə də ən az mənim alacağımdır. Yenə deyirəm, bu mənim haqqımdır, ailəmə məxsusdur. Onu kimsə halallıqla yeyə bilməz. Bilirsiniz necədir? Bəzi klubların bazası olsa da, bizdə yox idi. Stadion kirayələyirdik, gəlib məşq edib, oynayıb sonra da geri qayıdırdıq. Mükafatlar uğrunda mübarizə aparan klublardakı şərait bizdə yox idi. Təsəvvür edin ki, “Şəfa” stadionundakı paltardəyişmə otağı bizim bazamız, hər şeyimiz idi. Bütün bu çətinliklərə baxmayaraq, biz sonda ikinci yeri tutub mükafat qazandıq. Nə isə... Dediyim budur ki, kimsə kimin haqqını yeməməlidir.

- Komandadan özünüz ayrıldınız, yoxsa dedilər ki, getmək vaxtındır?
- Getmək vaxtı deyəndə ki, bundan bir il əvvəl də söhbətimiz olmuşdu. Dedim əgər istəyirsinizsə, lazımamsa oynayaram. Əsgər Abdullayev (komandanın sabiq baş məşqçisi - red) şahiddir, dedilər qal, komandanı yığmaq lazımdır. Bu il ikinci yeri tutduq, gələn il daha yaxşı olar. Nəsə, mövsüm başa çatdı. Gördüm ki, müəmmalı söhbətlər gedir. Bizdə xorvatiyalı məşqçi var idi. İşdən çıxartmışdılar, məni onun yerinə təyin etmək istəyirdilər. Fikirləşdim ki, lap yaxşı, artıq komandaya, uşaqlara öyrəşmişəm. Yəni, kim isti yerini soyuq edər ki? Dedilər digər məşqçilər qədər əməkhaqqı alacaqsan. Razılaşdıq. Əsgər Abdullayevlə Rəsul Rəsulov bildirdi ki, 1-2 günə bütün məşqçilərlə birgə müqavilə bağlanacaq. 1-2 gün keçdi, gördüm səs-soraq yoxdur. 1-2 gün 2 həftə, 2 həftə 20 gün oldu amma bunlardan xəbər çıxmadı. Bir gün ofisə baş çəkib maraqlandım ki, görüm nə xəbər var. Mənə dedilər ki, bəs həmin ştat ixtisar olunub. Gözləyək görək sənə hansı işi tapşırırıq. Dedim klubun sahibidir, ixtisar edib özü bilər, dava edəsi deyiləm ki? Sonra dedilər ki, gəl səni əvəzedici heyətə baş məşqçi göndərək. Razılaşmadım, cavab verdim ki, orda Nazim Əliyev çalışır, onun yerinə gedə bilmərəm. İşdən çıxararsız, yer boş olar, hə, bu başqa məsələ. Heç kimin çörəyinə bais ola bilmərəm. Ardından Nazim Əliyevin köməkçisi olmağımı istədilər. Dedim ki, orda da Vadar Nuriyev çalışır. Başqa iş taparam, amma işləyə-işləyə kiminsə yerinə getmərəm. Başa düşdüm ki, bunlardan mənə iş verən olmaz. Amma pul söhbətində o vaxt Rəsul müəllimə də demişdim, vitse-prezident Fikrət Hüseynova da. Sonra Zaur deyib ki, mən Tərlana iş verdim amma qəbul etmədi. Buna görə də onun pulunu verməyəcəm. Dedim əgər həqiqətən deyibsə, məni onunla görüşdürün, araşdıraq. Amma məni heç kim onunla görüşdürmədi. Gündə bir söz deyib vaxtı uzatdılar. Ayrılmağımın səbəbi bu idi. Pulu ala bilməməyimin səbəbini belə izah edirlər ki, verilən işdən imtina edib, klubu atıb getmişəm. Amma elə deyildi, komandaya öyrəşmişdim və işləməyə hazır idim.

- Futbolçu kimi çempion ola bilməmisiniz. Bəs məşqçi kimi ilk çempionluğu “Xəzər-Lənkəran”da əldə edəcəyinizi düşünürsünüzmü?
- İnşallah. Allah nə vaxt qismət eləsə, onda da çempion olacağam. Kimsə özünə qismət yazmır ki. Saymışam, “Neftçi”, “Qarabağ”, “Karvan” və “Olimpik” klublarının hərəsi ilə 1 dəfə çempionluğa yaxın, 4 dəfə qızıl medalların astanasında olmuşam. Hər dəfə də sonda çempionluq əldən çıxıb. Qismət belə imiş. Amma gəlin unutmayaq ki, mən Avropa çempionuyam. Digər tərəfdən, Allah mənə bunu qismət edib. Ölkə kuboku qazanmışam, 3 dəfə ikinci, 4 dəfə üçüncü yeri tutmuşam.

- Bəs məşqçi kimi çempionluğa qovuşmağınızda hansı komandanı mane sayırsınız?
- Bilirsiniz ki, “altılığ”a düşən hər bir komanda qızıl medal qazana bilər. Hər biri çempionluğa iddialıdır. 7 komandanın “altılığ”a düşməyə şansı var. Ola bilər ki, “Neftçi”, “Bakı” və “Qəbələ” bura düşə bilməsin. Eləcə də “Simurq”. Yəni, “altılıq”da hansı komandaların yer alacağını bilmək olmaz.

- Məşqçi kimi ilk mövsümünüzdür. Meydan hələ də sizi özünə cəlb etmir ki?
- Bəli. İnanırsız, o qədər istək olur ki... Amma həyatdır, nə etmək olar? Hər şeyin əvvəli olduğu kimi, sonu var. Nə vaxtsa futbolçu karyeramı başa vurmalı idim. İndi qarşıda başqa məqsəd, tapşırıqlar var ki, bunu yerinə yetirməliyəm. Sağ olsun ki, Ağasəlim müəllim məni öz yanına çəkib kömək etdi. Ona çox minnətdaram. Həmişə demişəm, arzum o olardı ki, Azərbaycanda tanınmış mütəxəssislərin yanında işləyib yavaş-yavaş məşqçiliyin incəliklərini öyrənim. Meydanın məni özünə çəkməyinə gəlincə, belə hallar çox olur. Amma özüm-özümə təsəlli verməyə çalışıram.

- Öz mövqeyinizdə, yəni mərkəz müdafiəçilərinin oyununu necə qiymətləndirərdiniz?
- Hər futbolçunun öz özünəməxsus oyun stili var. Əgər həmin müdafiəçi oynayıb komandaya xeyir verirsə, bu böyük nailiyyətdir. Ayrı seçkilik etməzdim, işlərinin öhdəsindən gəlirlər, mübarizə aparırlar, tapşırıqları yerinə yetirilər. Hələlik hər şey qaydasındadır. Əsas odur ki, futbolçu ondan nə istənildiyini dərk edib, yerinə yetirsin. Bütün bunların hamısı şərtdir.

- Yeri gəlmişkən, komandanızın son transferləri də müdafiəçilərdir...
- Bəli, biri sərbəst müdafiəçidir. Elvin Baqiri mənim mövqeyimdə oynayır. Tixon Şişov isə cinahda mübarizə aparır. Artıq onlarla anlaşılıb. Bizim tələblərə uyğun futbolçulardır və İnşallah komandanın uğurlu çıxışında öz töhfələrini verərlər.
0