AFFA UEFA-nı necə sevindirib?
22.01.2010 - 11:33
AFFA UEFA-nı necə sevindirib?
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyətində yaşı süni olaraq azaldılmış futbolçularla bağlı məsələdə AFFA-nın tutduğu mövqe UEFA-nı da razı salıb. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, ölkə futbol qurumunun apardığı araşdırmalar nəticəsində “lipa”ların aşkarlanması, bu səbəbdən U-19-un Avropa çempionatının elit-raundunda iştirakdan imtinası ilə bağlı qitə futbol qurumuna müraciəti yüksək qiymətləndirilib.

Bununla bağlı UEFA-nın Milli Assosiasiyalar Departamentinin rəisi Teodor Teodoridisin imzası ilə AFFA-ya məktub daxil olub: “19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə bağlı qəbul etdiyiniz qəti qərarlar, bu kimi hadisələrin gələcəkdə baş verməsinin qarşısını almaq üçün atdığınız addımlar bizi sevindirir. Bu məsələ ilə bağlı AFFA-nın müvafiq assosiasiyalardan üzr istəməsi tərəfimizdən yüksək qiymətləndirilir. Sizin qəti və konstruktiv mövqeyinizə əsaslanaraq, Azərbaycanda qadın futbolunun gələcək inkişafı istiqamətində müsbət addımlar atılacağına inanırıq. UEFA həmçinin bu məsələdə nümayiş etdirdiyiniz mövqeyi ehtimal olunan analoji xarakterli digər hadisələr üçün örnək hesab edir”.

Qeyd edək ki, əsasən milliləşən əcnəbilərdən təşkil olunan U-19-un heyətində 6 futbolçu saxta sənədlə oynamışdı.
0