“Heç kimin görmədiyi Azərbaycan arxadan gəlir” - MÜSAHİBƏ
22.01.2010 - 11:49
“Heç kimin görmədiyi Azərbaycan arxadan gəlir” - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan milli komandasının liderlərindən olan Serjao UEFA-nın rəsmi saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, braziliyalı oyunçu Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsində Çexiya ilə görüşdə (6:1) qol vurmaqla yanaşı, məhsuldar ötürmə edib. Bununla da yığmamızın qrup qalibi kimi 1/4 finala çıxmasına yardımçı olan Moskva “Spartak”ının sabiq oyunçusu avropalıların da diqqət mərkəzinə düşüb.

- Siz çexləri darmadağın etməklə 1/4 finala qrup qalibi kimi çıxmısınız. Əhval-ruhiyyəniz necədir?
- Ən yaxşı. Bu, mənim üçün ilk sınaqdır. Mən Braziliyada anadan olsam da, Azərbaycan üçün az həyəcan keçirmirəm. Bütün qəlbimlə işimizə görə azarkeşlik edirəm. Mən çox şadam ki, biz 1/4 finala çıxan ilk komandayıq.

- Belə təəssürat yarandı ki, çexlərə qarşı çox rahat oynayırdınız. Sizə asan idi?
- Elə də yox. Sadəcə, birinci, ikinci, üçüncü qolu vuranda sakit oynamaq olar. İlk hissənin sonunda yalnız çexlər oynayırdı, biz isə axıradək müdafiə olunurduq. Onlar 4:0 hesabı ilə irəlidə olduğumuz zamanı qol vursalar da, biz sonadək oyunu nəzarət altında saxlayırdıq. Bilirdik ki, çox çətin oyun olacaq. Ancaq bununla belə, çox sakit oynayırdıq.

- Siz xarici görünüşünüzə görə heç futzalçıya oxşamırsınız. Ancaq bununla, çox effektiv oynayırsınız. Turnirdə öz çıxışınızdan razısınız?
- Hesab edirəm ki, futzalda Braziliyada Betao, İspaniyada Fernandao, Rusiyada Sirilo kimi “dirəklər” var... Üzr istəyirəm, özümü unutdum. Hamı elə düşünür ki, tənbələm, heç də cəld deyiləm. Ancaq 40 metrə həmişə yaxşı sürətlə qaça bilərəm. Qoy hamı elə fikirləşsin ki, mən ləngəm, heç nəyəm.

- Turnirin bombardiri olmaq istəyirsiniz?
- Mövqeyim “dirək” olsa da, qollar da vurmalıyam. Ancaq mənim üçün ən əsası qollar yox, növbəti rəqibdir. Mən hələ bilmirəm ki, 1/4 finalda kiminlə oynayacağıq. Ancaq hər şeydən vacib qələbədir. Qoy Serjao heç bir qol vurmasın, məhsuldar ötürmə etməsin. Kim istəyirsə, qol vursun. Ancaq əsas odur ki, komanda qalib gəlsin.

- Azərbaycan yığması hələ ki dünya futzalının liderləri olan Rusiya, İspaniya, İtaliya, yaxud Portuqaliyaya qarşı oynamaq imkanı qazanmayıb. Əgər belə yüksək səviyyəli komandalarla oynamaq lazım gəlsə, siz onlara nə təklif etmək fikrindəsiniz?
- Biz səfərdə Portuqaliya ilə oynadıq və 3:3 hesablı heç-heçə etdik. Hesab edirəm ki, bu, əsl futbol idi. Bəli, favoritlər var, ancaq indiki vaxtda meydanda kim yaxşı oynayırsa, həmişə qalib gəlir. Qoy İtaliya, İspaniya və Rusiya favoritlər olsun. Heç kimin görmədiyi və eşitmədiyi Azərbaycan isə yavaş-yavaş arxadan gəlir.
0