Çempionatımızın futbolçusu alman klubuna keçdi
22.01.2010 - 13:05
Çempionatımızın futbolçusu alman klubuna keçdi
Sumqayıtın “Standard” klubunun sabiq futbolçusu Ömər əl-Zeyn özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu karyerasını Almaniya çempionatında davam etdirəcək. O, aşağı dəstədə çıxış edən “SVG Qottinger” klubu ilə müqavilə imzalayıb.

Ötən ilin yayında “Standard”a keçən əl-Zeyn Azərbaycanda oynadığı qısa müddətdə Unibank Premyer Liqasının tarixinə düşməyi bacarıb. Belə ki, əslən livanlı olan futbolçu Almaniya vətəndaşlığı daşıdığından, bu ölkənin Premyer Liqamızda ilk təmsilçisi kimi tarixə düşüb. Düzdür, ona qədər də Azərbaycan çempionatında almaniyalı çıxış edib. Lakin Daniel Sanqevold 2003/04 mövsümündə birinci dəstədə mübarizə aparan “Gənclərbirliyi”ndə top qovub. Həmyerlisi kimi Sumqayıt klubunda oynayan Ömər “Standard”da cəmi 5 oyun (4-ü çempionat, 1-i kubok) keçirib və 6-cı turun “Karvan”la oyununda qol da vurub. O, komandadakı baş məşqçi dəyişikliyindən sonra klubdan xaric olunub.

Qeyd edək ki, əl-Zeyn “Standard”ın indiki baş məşqçisi Böyükağa Hacıyevə qədər klubda çalışmış Valdas İvanauskasın dövründə transfer olunmuşdu.
0