“Bakı”nın Moskva səfəri: Fiasko yox, biabırçılıq!
22.01.2010 - 13:21
“Bakı”nın Moskva səfəri: Fiasko yox, biabırçılıq!
Bu mənim “Bakı” klubu ilə birgə ikinci xarici səfərim idi. İlk səfərim avqustda Bolqarıstanın paytaxtı Sofiyaya olmuşdu. O vaxt “Bakı” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Levski” ilə cavab qarşılaşmasına yollanmışdı. Bu dəfə isə səfərim Moskvaya idi. Kim necə başa düşür-düşsün, ancaq həmişə həqiqəti demək lazımdır. Bu gün “Bakı” jurnalistlərə münasibəti, hörməti ilə əksər klubları, bəlkə də, 10 addım qabaqlayır. Bu faktdır ki, heç bir klubumuz hələ indiyə qədər nə “Bakı”nın atdığı addımı atıb, nə də buna cəhd edib. “Bakı” rəhbərliyi isə klubun yayda səfərdə keçirdiyi bütün Avrokubok oyunlarına böyük jurnalist heyəti aparmışdı.

“Birlik kuboku”nda da qələm əhli yaddan çıxmamışdı. ölkənin, demək olar ki, bütün televiziya, aparıcı qəzet və sayt əməkdaşları Rusiya paytaxtına aparılmış, oradakı 4 ulduzlu “Kosmos” otelində hər cür şəraitlə təmin olunmuşdular. Təsəvvür edin ki, Kiyev “Dinamo”su kimi komanda hələ qeydiyyat üçün növbəyə dayandığı vaxtda azərbaycanlı jurnalistlərin otaq nömrələri və kartları artıq əllərində idi. Razılaşın ki, bu qədər nümayəndə heyətini Moskva kimi bahalı şəhərə aparmaq, onların orada təxminən 6 gün qalmasını təmin etmək (əgər komandamız finala çıxa bilsəydi, bu müddət 10 günə qədər uzanacaqdı) kifayət qədər böyük xərc tələb edir və indiyə qədər heç bir klubumuz (hətta büdcəsi “Bakı”dan böyük olanlar da) bu addımı atmayıb. Bu mənada azərbaycanlı jurnalistlərin Moskvaya səfərini təşkil etdiyi üçün başda “Bakı” klubunun prezidenti Hafiz Məmmədov olmaqla, baş menecer Zeynal Məmmədov, sabiq vitse-prezident Nail Məmmədov, icraçı direktor Yaşar Seyidov və əməyi keçən hər kəsə şəxsən öz adımdan böyük təşəkkürümü bildirirəm.

İndi isə keçək “Bakı”nın “Birlik kuboku”ndakı uğursuz çıxışına. çalışacağam bu yazıda obyektiv olum və heç bir qərəzli ifadəyə yol verməyim. Açıq etiraf etmək lazımdır ki, budəfəki çıxış fiasko yox, əsl biabırçılıq oldu. Bəli, turnirin favoriti sayılan, büdcəsinə, heyətindəki futbolçuların qiymətinə görə hamıdan üstün olan bir klubun qrupda qalmasına başqa ad vermək olmur. Bəs günahkar kimdir? Şəxsən mənim üçün “Bakı”nın fiaskosunda bir nömrəli günahkar komandanın baş məşqçisi Bülənt Qorxmazdır. Bəli, bu mənim subyektiv fikrimdir.

Görəsən, “Bakı” rəhbərliyi Qorxmaz üçün daha nə etməlidir? Onun sərbəst şəkildə fəaliyyəti üçün hər cür şərait yaradılıb. İstədiyi məvacibi alır, istədiyi futbolçuları transfer edir, istədiyi heyəti qurur, istədiyi yerdə istədiyi qədər hazırlıq keçə bilir, işinə heç kim müdaxilə etmir. Baş məşqçiyə nəticə vermək üçün daha nə lazımdır? Rəhbərlik Qorxmazın bütün kaprizlərini də qəbul edir. Hətta Moskvada olarkən türkiyəli “Kosmos” otelində ən yüksək səviyyədə verilən yeməkləri bəyənməyərək rəhbərlik qarşısında başqa restoranda nahar, şam etmək tələbini qoyurdu və onun bu tələbləri də müsbət qarşılanırdı. Bəs nəticəsi hanı? Hanı rəhbərliyin bu cür qayğısının qarşılığı? Axı bu diqqət, qayğının qarşılığı qrupda qalmaq olmamalı idi.

Görəsən, özündənrazılığı ilə seçilən, azərbaycanlı jurnalistlərlə söz davasına çıxaraq onları savadsız adlandıran sabiq “Qalatasaray”lı Rusiya paytaxtında Azərbaycan klubunun uğur qazanmasının nə demək olduğunu anlayırmı, bu məsuliyyəti başa düşürmü? Hanı onun bəyənib transfer etdiyi futbolçuların komandaya verdiyi xeyir? 90 dəqiqə ərzində meydançada gəzməklə məşğul olan, hücumçudan daha çox rəqibin müdafiəçisi mövqeyində oynayan Adriano kimə lazımdır? Yaxud meydançadakı yerini belə, tapmaqda çətinlik çəkən Venyonu transfer etmək bu qədər vacib idimi? Adnan Bərəkət əgər Əziz Quliyev, Rəhman Əzizov və Hacı Əhmədov kimi yerli gənclərin kölgəsində qalacaqdısa, onu komandaya götürmək kimin marağına xidmət edəcək? Gürşat Durmuşdan isə, ümumiyyətlə, danışmağa dəyməz. Bu futbolçu heç özünü tərpədə bilmirdi, o ki qaldı rəqib hücumçularının qarşısını ala. Konkret “Aktobe” ilə oyunda Gürşat iki dəfə komanda yoldaşına mane olaraq rəqibin təhlükəli hücum qurmasına yardımçı oldu.

Maraqlıdır ki, hər kəsin bunu gördüyü halda, Qorxmaz tərsliyinə salaraq yeni transferlərin səviyyəli futbolçu olduğunu iddia edirdi. O hətta HİK-lə görüşdən sonra azərbaycanlı jurnalistə “Sənin düşüncən yanlış. Sənin futbolun bu qədər” kimi kəskin cavablar verməkdən də çəkinmədi. Buyurun, cənab Bülənt bəy. Bu da sizin “düzgün” düşüncə tərziniz. Sizin də futbolunuz bura qədər imiş. Azərbaycan klubu son 6 ildə ilk dəfə olaraq “Birlik kuboku”nda qrup səddini aşa bilmədi. Moskvada sizə “Bir oyunda qapını Sissokoya, bir oyunda Şarliyaya həvalə edirsiniz. Optimal seçim edə bilmirsiniz?” sualını verəndə, mənə “görünür, məni yaxşı tanımırsan” cavabını vemişdiniz.

Artıq tanıdım. Tanıdım və əmin oldum ki, nə siz, nə də sizin yeni transferləriniz “Bakı”ya layiq deyil. “Aktobe” ilə oyundan sonra Moskvada yaşayan və öz işlərini-güclərini, bir para çörəklərini atıb -25 dərəcə şaxtada Azərbaycan çempionunu dəstəkləmək üçün “Olimpiyski” manejinə gələn azərbaycanlı futbolsevərlərin çəkdiyi əzab, üzüntü, iztirab və ürək yanğısı, çətin ki, sizin vecinizə olsun. Əks halda, biabırçı məğlubiyyətə baxmayaraq, maneji gülə-gülə tərk etməzdiniz. Halbuki sizdən başqa hamı başıaşağı dayanıb, əsəbindən dilini-dodağını çeynəyirdi. Şəxsən mənim üçün qrup səddini aşa bilməyərək “Kosmos” otelini tərk edən komandalar sırasında Azərbaycan çempionu ilə Ermənistan çempionunu yanaşı görmək çox ağır idi. Axı “Bakı”, onun rəhbərliyi, təmsil etdiyi Azərbaycan, Azərbaycan azarkeşi, jurnalisti buna layiq deyildi. Ermənilər imkansızlıqdan futbolçularına adi geyim dəstləri ala bilməmişdilər.

“Pünik”in heyətini Afrikadan gətirilmiş, heç kimə lazım olmayan və 150-200 dollara oynayan futbolçular təşkil etmişdi. “Bakı”nın təkcə geyimlərə xərclədiyi pul o futbolçulardan baha idi. Nəyə görə 5-10 qazax azarkeşinin dəstəklədiyi “Aktobe” meydançanı qələbə ilə, 200-ə yaxın azərbaycanlının çılğıncasına dəstəklədiyi “Bakı” məğlubiyyətlə tərk etməlidir? Məncə, rəhbərlik hadisələrin bu cür gedişinə biganə qalmamalı və olaylara təcili müdaxilə etməlidir. Qorxmazın Moskva fiaskosu göstərdi ki, külli ixtiyarı bütünlüklə onun əlinə vermək komandanı heç də yaxşı yerlərə aparmayacaq. Ən pisi də odur ki, o, çox inadcıldır və səhvini qətiyyən boynuna almaq istəmir. Məşqçi eyni zamanda Azərbaycan jurnalistinə də hörmət etməli, ona qarşı aşağılayıcı ifadələr işlətməməlidir.

Hətta mən məsləhət görərdim ki, Qorxmaz məşqçi kimi ondan qat-qat səviyyəli olan (ən azından qazandığı nəticələrlə) Bülənt Uyqundan nümunə götürsün. Həmin Uyqun ki, Azərbaycandan zəng etdiyimizi bilən kimi bizimlə çox mehriban hal-əhval tutub, bütün suallarımızı böyük məmnuniyyətlə cavablandırır.

P.S. Cənab Qorxmaz, əgər xatirinizdədirsə, ölkəmizə yeni gələndə belə bir açıqlama vermişdiniz: “Mən istəyirəm ki, Azərbaycandan gedərkən dönüb arxaya baxanda görüm ki, iz qoyub gedirəm. Həm futbolçu yetişdirmişəm, həm də yerimi təhvil verməyə layiq məşqçi”. Bu gedişlə həmin izi qoyacaqsınız, yoxsa yox, bax bu sualın cavabı mənə çox maraqlıdır.

Anar XANLAROV, “Çempion-Azərbaycan” qəzeti
0