Adamiya: “Qarabağ”la müqavilə imzalayacağam
22.01.2010 - 13:48
Adamiya: “Qarabağ”la müqavilə imzalayacağam
“Mən artıq Antalyada, “Qarabağ”ın təlim-məşq toplanışındayam. Bura gəlişim gözlənilməz alındı. Mənə zəng edən klubun nümayəndələri dəvət göndərdilər. Fikirləşəndən sonra müsbət cavab verdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri 5 ildir Azərbaycanda çıxış edən Georgi Adamiya deyib.

“Bakı” ilə yollarını ayırdıqdan sonra klub axtarışında olan 29 yaşlı gürcü hücumçu Ağdamın “Qarabağ” klubunun sıralarında yer alıb. Adamiya son vaxtlar əlində konkret təkliflərin olmadığını gizlətməyib: “Agentim hansısa xarici klubla danışsa da, məsələ müqavilə bağlamağa gəlib çıxmadı. Vaxt daralırdı və mən risk etmədim. Üstəlik, mənə Azərbaycana, mənim üçün çox dəyərli olan ölkəyə qayıtmağı təklif etdilər. İndiki vəziyyətdə bura qayıtmaq daha optimal variant idi, nəinki digər ölkədə komanda axtarmaq”.

Adamiyanın keçidində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun böyük rolu olub. Hər halda, Georgi onunla “Neftçi”də həm birgə oynayıb, Azərbaycan çempionu olub, həm də komandada rəhbərliyi altında çıxış edib: “Bu səbəbdən heç bir çətinlik hiss etmirəm. Kollektiv məni isti qarşıladı. Axı mən onlar üçün yad deyiləm. Özümü əla hiss edirəm, sağlamlığımla bağlı heç bir problem yoxdur. Kollektivlə çalışmağa başladım. Əminəm ki, yaxın vaxtda yaxşı forma yığacağam. Çox futbolçularla tanış olduğum üçün burada mənə rahatdır. Biz neçə ildir çiyin-çiyinə, yaxud üz-üzə oynayırıq. Bu səbəbdən əlavə tanışlığa ehtiyac yoxdur”.

Gürcü hücumçu yeni klubu ilə yarım illik anlaşmaq fikrindədir: “Hələ ki müqavilə məsələsi müzakirə olunmayıb. Ancaq fikrimcə, komanda ilə bu mövsümün sonuna qədər anlaşma imzalayacağam. Bu, həm “Qarabağ”a, həm də mənim özümə rahat olacaq. İndi yeni variantlar üçün vaxt az idi. Ola bilsin ki, klub yayda mövqeyimə gənc futbolçular dəvət etmək istəsin. Elə mən də xarici kluba keçmək ideyasından vaz keçməmişəm. Fikrimcə, indiki əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq”.

Qeyd edək ki, Adamiya ötən qış da özünə yeni klub tapmalı oldu. Həmin vaxt “Neftçi”nin vidalaşdığı hücumçu “Bakı”ya keçdi və bir ildə ölkə çempionluğunu qazandı. Maraqlıdır ki, Georgi “Bakı”da sonuncu oyununu məhz “Qarabağ”a qarşı Ağdamda (0:0) keçirib.

Mənbə: extratime. az
0