AFFA-nın bəyənmədiyi məşqçi Peruya gedir
22.01.2010 - 17:24
AFFA-nın bəyənmədiyi məşqçi Peruya gedir
Azərbaycan milli komandasının baş məşqçisi olmaq istəyən Stanislav Çerçesov Perudan təklif alıb.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı rus mütəxəssis ekzotik ölkənin aparıcı klublarının birindən dəvət aldığını desə də, konkret kimlə danışıqlar apardığını açıqlamayıb: “Yaxınlarda mənə Perunun aparıcı komandalarından biri ilə danışıqlar aparmaq təklifi gəldi. Onlar məni məşqçi kimi öyrənir, mən də onları. Mənimlə “Alaniya” klubu və AFFA maraqlanırdı. Ancaq nə Vladiqafqaz klubu, nə də Azərbaycan yığması ilə razılaşmaq mümkün oldu. Mən istənilən klub və yığma ilə danışıqlar aparmağa hazıram. Onların səviyyəsi əsas deyil. Məsələn, Lui van Qal “Barselona”dan gedəndən sonra Hollandiyanın “Alkmaar” klubuna rəhbərlik etdi və onu ölkə çempionu etdi”.

Qeyd edək ki, milliyyətcə osetin olan veteran qapıçının adı milli komandamızın baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti uzadılmayana qədər hallanırdı. Çerçesov uzun illər çıxış etdiyi Moskvanın “Spartak” klubunu baş məşqçi kimi Rusiya Premyer Liqasının gümüş mükafatçısı edəndən sonra – 2008-ci ilin ortasında istefaya göndərildi. O, həmin vaxtdan işsiz qalan mütəxəssislər sırasındadır.
0