Futzalçılarımıza nə qədər pul mükafatı veriləcək?
22.01.2010 - 17:55
Futzalçılarımıza nə qədər pul mükafatı veriləcək?
“Hamını bu gözəl qələbə münasibətilə təbrik edirəm. Avropa çempionatının ikinci oyununda qələbə bizə çox vacib idi. Həm qrup qalibi olmaq istəyirdik, həm də bizim çexlərlə dırnaqarası bağlılığımız var idi. Çünki 2 il əvvəl onlar dünya çempionatının pley-off mərhələsinə vəsiqəni əlimizdən almışdılar Buna görə futzalçılarımız ikiqat qüvvə ilə mübarizə aparıb, layiqli qələbə qazandılar”. Bu sözləri apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

O bildirib ki, Macarıstanda keçirilən Avropa çempionatında yığmamız yüksək nailiyyət qazanacağı təqdirdə, futzalçılara pul mükafatı veriləcək: “Açığı indi yığmamızın üzvləri bütün diqqəti 1/4 finala yönəldiblər. Başqa məsələlər haqda indidən söhbət gedə bilməz. Azərbaycana qayıtdıqdan sonra AFFA rəhbərliyi ilə məsləhətləşəcəyik və futzalçıların əməyi qiymətləndiriləcək”.

Axundov komandamızın yarımfinala vəsiqə qazanacağına da inanır: “Çox güman ki, 1/4 finalda Ukrayna ilə görüşəcəyik. Növbəti matçın hazırlığına yanvarın 23-də başlayacağıq. Ümidvaram ki, yığmamız qarşıdakı səddi də aşa biləcək”.
0