Kiyev “Dinamo”su Kamran Ağayevdən niyə imtina etdi?
22.01.2010 - 18:16
Kiyev “Dinamo”su Kamran Ağayevdən niyə imtina etdi?
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Kiyevin “Dinamo” klubunun keçidinin baş tutmamağının əsl səbəbi bəlli olub.

“Dinamo”nun baş direktoru Rezo Çoxonelidze apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun da “1 nömrə”sinin keçidinin gündəmdə olduğunu təsdiqləyib. 24 yaşlı Kamran Kiyev təmsilçisinin rusiyalı sabiq baş məşqçisi Yuri Syominin maraq dairəsinə düşsə də, transfer baş tutmayıb. Çoxonelidze məsələyə belə aydınlıq gətirib: “Bu, məndən əvvəl olsa da, məsələdən xəbərim var. Danışıqlar olsa da, sonradan məsələ qapanıb. Çünki Zaporojyedən olan Stanislav Boquşu transfer etdilər. Həmin dövrdə həqiqətən də qapıçı ilə bağlı problemimiz vardı. Ancaq mövsümün bitməsinə üç ay qalmış, özü də legioner limiti olduğu halda daha bir əcnəbi futbolçunu almağa haqqımız çatmırdı. Kamran postsovet məkanından olsa da, istənilən halda legionerdir. Onsuz da bizdə əcnəbilər çox idi – Serbiya, Xorvatiya, Afrikadan əslən fransalı futbolçularımız var. Mən gələndə komandada 42 legioner var idi və bu, istənilən halda çoxdur. Tanınmamış futbolçuları dərhal almaq olmaq olmaz. Klub, yığma səviyyəsində beynəlxalq oyunlara baxıb, qərar vermək lazımdır”.

Milliyyətcə gürcü olan baş direktor hələ ki transfer planlarında azərbaycanlı futbolçunun olmadığını bildirib: “Ancaq olarsa, böyük məmnuniyyətlə götürərik. Ukraynada, digər yerlərdə olan azərbaycanlı futbolçularla maraqlanacağıq. Qoy Azərbaycan yığması beynəlxalq arenada yaxşı çıxış etsin və Ağayev, digər yaxşı futbolçularınız seleksiyaçılarımızın diqqət mərkəzində olacaq”.

Qeyd edək ki, uzun illər “Milan” klubunda çalışan, İtaliya vətəndaşı olan Çoxonelidze Kiyev “Dinamo”sunda iki illik müqavilə əsasında fəaliyyət göstərir.
0