AFFA rəsmiləri Macarıstanı tərk etdilər
22.01.2010 - 22:25
AFFA rəsmiləri Macarıstanı tərk etdilər
Azərbaycan futzal yığmasının Avropa çempionatında çıxışını izləmək üçün Budapeştdə olan AFFA rəsmiləri bu gün Macarıstanı tərk ediblər. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, assosiasiyanın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov ayrı-ayrı ölkələrə yollanıblar. Eyni zamanda Milli Məclisin üzvü olan Əliyev dövlət tədbiri ilə əlaqədar Sloveniyaya uçub.

Elxan Məmmədov isə Rusiyanın paytaxtı Moskvaya gedib. Onun şimal qonşumuza səfərində məqsəd “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turniri zamanı FİFA və UEFA prezidentlərinin iştirakı ilə keçiriləcək iclasa qatılmaqdır. Bu yığıncaqda AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edəcək. Abdullayevin iclasdan sonra Budapeştə təşrif buyuracağı və yanvarın 25-də milli komandamızın Avropa çempionatının 1/4 finalında oyununu izləyəcəyi gözlənilir.
0