“Bakı” Moskva biabırçılığını müzakirəyə çıxarır
23.01.2010 - 00:50
“Bakı” Moskva biabırçılığını müzakirəyə çıxarır
“Bakı” rəhbərliyi “MDB və Baltikyanı ölkə çempionlarının Birlik Kuboku”ndakı çıxışını bu gün müzakirəyə çıxaracaq. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Tunc Afşar məlumat verib.

Onun sözlərinə görə, “Birlik Kuboku”nun qrup mərhələsinin son turunda “Aktobe”yə (Qazaxıstan) 0:2 hesablı məğlubiyyətdən sonra “Bakı”nın futbolçuları və məşqçi heyətinə iki günlük istirahət verilib. Bu səbəbdən, bəzi legionerlər, eləcə də baş məşqçi Bülənt Korkmazla köməkçiləri öz ölkələrinə yollanıblar.

Bu gün isə klub rəsmiləri və baş məşqçinin iştirakı ilə toplantı keçiriləcək: “Hazırda klubumuzun prezidenti Hafiz Məmmədovla baş menecer Zeynal Məmmədov Moskvadadırlar. Onlar da tezliklə qayıdacaqlar. Bu gün klubdaxili toplantı keçirərək, “Bakı”nın “Birlik Kuboku”ndakı zəif çıxışının səbəblərini müzakirə edəcəyik”.

Klub rəsmisi uğursuz çıxışla əlaqədar “Bakı”nın futbolçuları, baş məşqçisi və özünün məsuliyyət daşıdığını vurğulayıb. Afşar toplantıda çıxarılacaq qərara hər kəsin hörmətlə yanaşmalı olduğunu söyləyib: “Hər şey Hafiz müəllimin qərarından asılı olacaq. Nə qərar versə, ona sayğı göstərəcəyik”.

Qeyd edək ki, “Bakı” “MDB və Baltikyanı ölkə çempionlarının Birlik Kuboku”nda bibarçı çıxış edərək, qrupdan çıxa bilməyib.
0