“İş olan yerdə, nəticə də var”
23.01.2010 - 01:13
“İş olan yerdə, nəticə də var”
“Milli komandamızın Macarıstan və Çexiya yığmaları üzərində qazandığı qələbə ölkəmizdə futzalın inkişaf etdiyini bir daha əyani surətdə təsdiqləyir. Yığmamızın ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlməsi və növbəti mərhələyə qrup lideri kimi adlaması son dərəcə uğurlu nəticədir”. Bu sözləri apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

O bildirib ki, yığmamızın Macarıstanda keçirilən qitə birinciliyində 1/4 finala yüksəlməsi görülən işlərin məntiqi nəticəsidir: “Futzalçılarımızın ilk oyunu macarlara qarşı keçirməsi heç də asan deyildi. Meydan amilinin və azarkeş dəstəyinin çox olmasına baxmayaraq, yığmamızın bütün üzvləri peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək, meydanı qələbə ilə tərk etdilər. Çexiya komandası ilə də oyun asan keçmədi və milli komandamız yüksək hazırlıq, taktiki və fiziki üstünlüyü nəticəsində 6:1 hesablı qələbə qazandı. Bütün bunlar sübut edir ki, iş olan yerdə nəticə də var”.

Qeyd edək ki, futzalçılarımız 1/4 final matçını yanvarın 25-də keçirəcəklər.
0