“Həmişə qol vurmuşam, amma heç vaxt bombardir olmamışam”
23.01.2010 - 03:28
“Həmişə qol vurmuşam, amma heç vaxt bombardir olmamışam”
“Bizim komanda çexlərlə oyunqabağı toparlandı, bütün diqqətimizi cəmləşdirə bildik. İlk 5 dəqiqədə 2 qol vurmağımız işimizi xeyli asanlaşdırdı. Ancaq birinci hissənin son 6-7 dəqiqəsində demək olar oynamadıq. Müdafiə olunduq, olunduq və çexlərin qol epizodu yaratmasına imkan verdik. Bu nöqsanı ikinci hissədə aradan götürdük”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan yığmasının futzalçısı Nilson Maşado Dos Santos deyib.

Braziliyalı oyunçu Macarıstanda keçirilən Avropa çempionatında hələ ki yığmamızın bombaridir. O, 2 matçda 3 dəfə fərqlənməklə, 1/4 finala yüksəlməyimizdə böyük rol oynayıb: “Karyeram ərzində iştirak etdiyim bütün yarışlarda qol vurmuşam, amma heç vaxt bombardir olmamışam. Çünki mənim məqsədimi bu deyil. Bombardir olmaq məni maraqlandırmır. Oyunda komandam üçün çalışıram, Biro Jade üçün yox. Komanda yoldaşlarıma, məsələn Serjioya və ya Rizvana məhsuldar verdikdə və onlar bundan yararlandıqda, elə bilirəm ki, özüm qol vurmuşam”.

36 yaşlı futzalçı yanvarın 25-də keçirəcəyimiz 1/4 final qarşılaşması haqqında da fikirlərini bölüşüb. Maşado vurğulayıb ki, növbəti görüşdə rəqibin kim olmasının fərqi yoxdur: “Ən çətin oyunumuz 1/4 finalda olacaq. Əlbəttə, heç kim uduzmaq istəmir. Bununla belə, futbolda proqnoz vermək olmaz. Kim yaxşı hazırlaşırsa, həmin komanda da qələbə qazanır. Açığı, 1/4 finalda İtaliya yığması ilə görüşməkdən qorxmuram. Düzdür, İtaliyanın futzal ənənəsi var. Ancaq indi baş məşqçidən savayı, İtaliya komandasının bütün üzvləri braziliyalıdır. Onlar 8 ildir İtaliyada oynadıqlarından, adlarını dəyişdiriblər, əslində isə braziliyalı futzalçılardır. Buna görə də İtaliya pasportu almağı məqsədəuyğun sayıblar. İspaniyada komandanın da yarısı braziliyalıdır. Ruslarda isə iki nəfər braziliyalı çıxış edir. Daha iki futzalçını yarışa gətirməyə çatdıra bilmədilər. Bir sözlə, mübarizə apardığımız bu yarışı Avrobraziliya çempionatı adlandırmaq olar”.

Qeyd edək ki, Macarıstana 1, Çexiyaya isə 2 qol vurmuş Maşado oyun zamanı arxasına Biro Jade yazılmış formanı daşıyır.
0