Vaqif Cavadovun komandası liderliyi əldən verir
23.01.2010 - 11:49
Vaqif Cavadovun komandası liderliyi əldən verir
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovu transfer edən Hollandiyanın “Tvente” komandası ölkə çempionatında mövqeyini itirir. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində 2-ci yerdə gedən Enshede təmsilçisi liderliyini qaytarmaq üçün ən azı bir həftə də gözləməli olacaq. “Tvente”dən zirvəni ötən həftə alan PSV XIX turun açılış oyununda evdə “Neymeqen” komandasını böyük hesabla yenib – 3:0. Eyndhoven klubu artıq 3 xal qabaqladığı “Tvente”ni topların daha yaxşı fərqində də üstələyir. Belə ki, PSV bu göstəricidə Cavadovun komandasından 11 top irəlidədir. “Tvente” sabah 10-cu yerdə gedən “Qroninqen” komandasının qonağı olacaq. Oyun Bakı vaxtı ilə 18:30-da başlayacaq. “Tvente” xal itirsə belə, indiki mövqeyini əldən verməyəcək. Çünki ən yaxın izləyicisi “Ayaks” ondan 9 xal geri qalır.

Qeyd edək ki, “Tvente” bu ayın əvvəlində 4,5 illik müqavilə bağladığı Vaqifin yolunu gözləyir. Ancaq Ağdamın “Qarabağ” komandasından transfer olunan 21 yaşlı hücumçunun Hollandiyaya səfəri viza probleminə görə yubanır. O, formasını itirməmək üçün Bakıda “Qarabağ”ın əvəzedici komandası ilə birgə məşq edir.
0