“Xəzər-Lənkəran” Moskva “Spartak”ına uduzdu - YENİLƏNİB
23.01.2010 - 20:09
“Xəzər-Lənkəran” Moskva “Spartak”ına uduzdu - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” bu gün üçüncü yoxlama oyununu keçirib. Cənub təmsilçisi Rusiyanın adlı-sanlı “Spartak” klubu ilə qarşılaşıb.

Yerli vaxtla 15:30-da start götürən oyunu azərbaycanlı hakimlər briqadasının idarə edəcəyi nəzərdə tutulsa da, komandaları meydana türkiyəli referilər çıxarıb.

“Xəzər-Lənkəran” – “Spartak” (Moskva) – 1:3
QOLLAR: Alan Lalin, 69 - Prudnikov, 30; Xodırev, 55; Velliton, (90+3)
Baş hakim: D.Krıkoğlu (Türkiyə)


Baş məşqçi Ağasəlim Mircavadov ruslarla oyuna bu futbolçuları buraxmışdı. Dmitri Kramarenko, İvan Pexa, Radomor Todorov, Elvin Beqiri, Tixon Şişov, Devran Ayhan, Ramazan Abbasov, Juninyo, İvan Svetkov, Mario Souza, Hasan Ertan.

“Spartak”ın çalışdırıcısı Valeri Karpin isə start heyətində Xomiç, Parşivlyuk, İranek, Filippenko, Fati, Qriqoryev, Sabitov, İbson, Yakovlev, Dzyuba və Prudnikova şans vermişdi.

Oyuna “Xəzər-Lənkəran” daha yaxşı başladı. Öncə cərimə meydançası önündən Svetkovun zərbəsi müdafiəçilərdən qayıtdı. Az sonra rəqib Kramarenko ilə təkbətək çıxa bilərdi. Ancaq son anda albaniyalı yeni transfer Beqiri təhlükəni vaxtında sovuşdurdu. Hissənin ortalarında baş məşqçi Ağasəlim Mircavadov əvəzetməyə əl atdı. Təcrübəli mütəxəssis baxışda olan və hücumçu olmasına baxmayaraq çox ləng tərpənən Hasan Ertanın yerinə Alan Lalini buraxdı. Əgər 30-cu dəqiqədə Souza honduraslıya ötürmə etsəydi, “Xəzər-Lənkəran” bəlkə də önə çıxa bilərdi. Amma Souzanın cərimə meydançası önündə komanda yoldaşına ötürmə vermək əvəzinə qapıya vurduğu zərbə qeyri-dəqiq alındı. Hesab isə 30-cu dəqiqədə açıldı. Pexanın səhvindən sonra “Spartak” ilk hücumdaca Prudnikovun sayəsində Kramarenkonun qoruduğu qapıya yol tapdılar – 0:1. Lənkəranlılar fasiləyədək hesabı bərabərləşdirmək şansı qazansalar da, son anda dəqiq zərbə vuran tapılmadı.

“Spartak” ikinci hissəyə daha təcrübəli futbolçularla çıxdı. Belə ki, Karpin beşqat dünya çempionu olan Braziliya yığmasının futbolçusu Aleks və Vellitonu da meydana buraxdı. 55-ci dəqiqədə komandamızı əks-hücumda yaxalayan Moskva təmsilçisi ikinci qolu vurdu. Bu dəfə Xodırev hesabı artırdı. Bununla belə, hücumlarını davam etdirən “Xəzər-Lənkəran” 14 dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxdı. Qapıçı ilə üzbəüz qalan Lalin ikinci hissədə Xomiçi əvəzləyən Pesyakovu məyus etdi – 2:1. Qoldan sonra cənublular yenə fərqlənə bilərdilər. Amma əvəzində yenə “Xəzər-Lənkəran” cəzalandırıldı. Matçın sonlarında meydanın mərkəzində Rahid Əmirquluyevdən topu “oğurlayan” “Spartak” Vellitonun dəqiq zərbəsi sayəsində üçüncü qolu vurdu - 3:1.

Qeyd edək ki, bu “Xəzər-Lənkəran”ın rus komandalarına qarşı üçüncü oyunu idi. Ağasəlim Mircavadovun yetirmələri “Vityaz”ı məğlub (1:0) etdikdən sonra Premyer Liqasında mübarizə aparan “Sibir”ə uduzmuşdular – 2:3.
0