Azərbaycan Premyer Liqasının iştirakçıları İspaniyada uduzdular
23.01.2010 - 12:54
Azərbaycan Premyer Liqasının iştirakçıları İspaniyada uduzdular
Azərbaycan Premyer Liqasında top qovan latviyalı futbolçular İspaniyada meydana çıxıblar. Apasport.az saytının məlumatına görə, Andrey Rubinlə Girts Karlsons (hər ikisi “İnter”) və Gennadi Solonitsın (“Simurq”) milli komandalarının heyətində Cənubi Koreya yığması ilə Malaqa şəhərində keçirilən yoldaşlıq görüşündə iştirak ediblər. Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov Rubin və Solonitsından fərqli olaraq Karlsonsa əsas heyətdə yer verməyib. O, 7 qolla Premyer Liqamızın bombardiri olan hücumçunu ikinci hissədə meydana buraxıb. Ancaq bu da latviyalılara məğlubiyyətdən yaxa qurtarmağa kömək olmayıb. Cənubi Koreya görüşün 55-ci dəqiqəsində Kim Çe Sunun vurduğu qolla qələbə qazanıb – 1:0.

Rubinlə Karlsons oyundan sonra “İnter”in hazırlıq keçdiyi Türkiyənin Antalya şəhərinə üz tutub. Gennadi isə “Simurq”un təlim-məşq toplanışında olduğu Gürcüstanın paytaxtı Tiflisə yollanıb.
0