Vitali Borisov: Bura məni güc-bəla ilə gətiriblər - MÜSAHİBƏ
23.01.2010 - 13:49
Vitali Borisov: Bura məni güc-bəla ilə gətiriblər - MÜSAHİBƏ
Azərbaycan yığmasının futzalçısı Vitali Borisovun apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Artıq milli komandamız Avropa çempionatının qrup mərhələsinin hər iki matçında qələbə qazanaraq, çıxışını başa vurub. Yığmamızın oyunu barədə nə deyə bilərsiniz?
- Sevindirici haldır ki, 1/4 finala qrup lideri kimi yüksəlmişik. Biz xüsusilə çexlərlə görüşdə yaxşı təsir bağışladıq. Macarıstanla çətin qarşılaşmadan sonra uşaqlar toparlandılar və ikinci turda da layiqli qələbə qazandıq.

- Nə vaxtsa ağlınızdan keçirmişdiniz ki, peşəkar futzalçı olacaqsınız, gəlib Avropa çempionatında oynayacaqsınız və hətta qol vuracaqsınız?
- Yox, ağlıma gətirmirdim. Çünki heç futzal oynamaq istəmirdim. Məni “böyük futbol”dan bu sahəyə güc-bəla ilə gətiriblər. Məmmədqulu Zeynalov və Babaş Əsgərov futzala keçməyimi təkid ediblər. Daha sonra elə futzalda da qalmışam.

- Çexiya yığmasının qapısına vurduğunuz iki qolu kimə həsr edirsiniz?
- Bütün Azərbaycan xalqına, o cümlədən valideynlərimə və yaxınlarıma.

- Belə mötəbər yarışda iştirak edərkən, hansı hissləri keçirirsiniz?
- Çox əla hislər yaşayıram. Ölkə çempionatından sonra belə səviyyəli turnirdə oynamaqdan yaxşı nə ola bilər ki? Çempionlar Liqasında və Avropa çempionatında çıxış etmişəm, inşallah, tezliklə dünya çempionatında da oynayarıq.

- Növbəti matçı yanvarın 25-də 1/4 final mərhələsi çərçivəsində ya Ukrayna, ya da İtaliyaya qarşı keçirəcəksiniz. Həmin oyundan nə gözləyirsiniz?
- Fikirləşsək ki, 1/4 finalda uduzacağıq, onda daha meydançaya niyə çıxırıq? Fikrimcə, çempionatın favoriti İspaniyadır. Qalan komandalarla mübarizə aparmaq, onları üstələmək olar. İnanıram ki, növbəti mərhələni də arxada qoyacağıq.

- Bəs Bakıya hansı nəticə ilə qayıdacağıq? Medal qazana bilərikmi?
- Yarımfinala yüksəlməyimiz əla nəticə olardı. Artıq yarımfinalda oyunlar tam başqa cür keçə bilər. Əla hissələr, hətta penaltilərə də ehtiyac duyulması mümkündür. Yəni, əvvəlki mərhələlərlə müqayisədə, yarımfinalda həddən artıq gərgin oyun olacaq.
0