Beqiri “Xəzər-Lənkəran”ı seçməsinin səbəblərini açıqladı
23.01.2010 - 14:15
Beqiri “Xəzər-Lənkəran”ı seçməsinin səbəblərini açıqladı
“Xəzər-Lənkəran” Antalyadakı təlim-məşq toplanışında heyətini iki futbolçu ilə gücləndirib. Onlardan biri olan albaniyalı müdafiəçi Elvin Beqiri milli komandasının üzvüdür. 2002-ci ildə debüt etdiyi yığmasında 47 oyun keçirib.

Bu il 30 yaşını qeyd edəcək mərkəz müdafiəçisi “Xəzər-Lənkəran”a Albaniyanın “Vlajniya” klubundan gəlib. Vaxtilə karyerasına bu komandada başlayan Elvin 2003-06-cı illərdə legioner həyatı yaşayıb. Ukraynada “Metallurq” (Donetsk) və “Arsenal”, Rusiyada “Alaniya”, həmçinin İsraildə Təl-Əviv “Makkabi”sinin şərəfini qoruyub. Beqiri apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsində maraqlı fikirlər səsləndirib.

- “Xəzər-Lənkəran”a dəvət necə baş tutdu?
- Albaniya bir menecer var, vaxtilə futbolçu olub. Azərbaycanlı menecer Bəxtiyar Gülməmmədovla tanışdır və onun vasitəçiliyi ilə bu variant ortaya çıxmışdı. Dedi ki, “Xəzər-Lənkəran” səni baxışa dəvət edir. Mən də gəldim.

- Azərbaycanda çıxış edən ilk albaniyalı Çöri İlir məhz “Xəzər-Lənkəran”da oynayıb və bu komandanın tarixində ilk qolu vuran futbolçu olub. Bundan xəbəriniz varmı?
- Çox maraqlıdır... (gülür) İlir də Lənkəranda oynayıb?

- Bəli.
- Deməli, “Xəzər-Lənkəran” gənc komandadır.

- Lənkəranda əvvəllər də komanda olub. Sadəcə, “Xəzər-Lənkəran” adı ilə 5-6 ildir mübarizə aparır. Yeni rəhbərlik gələndən sonra daha iddialı kluba çevrilib.
- İlirin Azərbaycanda oynamasını eşitmişdim. Amma düzünü deyim ki, “Xəzər-Lənkəran”da oynadığını, ilk qolu vurmasını bilmirdim. Onunla tanışlığım var. Səhv etmirəmsə, indi ABŞ-dadır.

- Ümumiyyətlə, Albaniyada Azərbaycan futbolu, “Xəzər-Lənkəran” haqda nə bilirlər?
- Bura gəlməzdən öncə “Qarabağ” klubunda oynayan Admir Teli ilə söhbətimiz oldu. Dedi ki, Azərbaycan çempionatı indi güclüdür və ildən-ilə rəqabət, səviyyə artır. Hətta bildirdi ki, indi Azərbaycan çempionatında oynamaq heç də asan deyil, əksinə çətindir. “Xəzər-Lənkəran” haqda da soruşdum. Yaxşı maliyyə imkanlarına malik olduğunu söylədi. Hətta qeyd etdi ki, klubun sahibi futbolu çox sevir və maraqlanır. Bir sözlə, bu komandanın yüksək səviyyədə olduğunu, hər il ancaq qızıl medallar uğrunda mübarizə apardığını vurğuladı. Fikirləşdim ki, bunlar varsa, deməli ciddi və iddialı klubdur. Teli söylədi ki, “Xəzər-Lənkəran”a üstünlük versən, seçimində yanılmayacaqsan. Bundan başqa, sizin “Qarabağ”ınız cari mövsümdə Avropa Liqasında yaxşı çıxış etdi. Futbolunuzdakı inkişaf göz qabağındadır, hiss olunur ki, səviyyə qalxır.

- Donetsk “Metalurq”unda hazırda “Barselona”da oynayan Yaya Ture, habelə ölkəmizdə çıxış etmiş nigeriyalı Toni Aleqbe və gürcü Georgi Demetradze ilə bir yerdə oynamısınız...
- “Metallurq”da adlarını çəkdiyiniz futbolçulardan başqa, Peru yığmasının futbolçusu Mendosa, məşhur Yohan Kruiffin oğlu Yordi Kruiff, Babangida, Gürcüstan yığmasının üzvü Qoça Camarauli kimi tanınmış futbolçular forma geyinirdi. Təbii ki, belə yüksək səviyyəli futbolçularla oynamaq daha rahatdır. Özünü meydanda daha inamlı hiss edirsən. Biz orda olanda, həqiqətən də hiss olunurdu ki, klubun qarşısına ciddi məqsədlər qoyulub. Mən ora gələndə ilk mövsümdə dördüncü yeri, növbəti il üçüncü yeri tutduq. UEFA kubokunda mübarizə aparıb “Parma” və “Latsio”ya qarşı oynadıq.

- Siz Rusiyada “Alaniya”da da forma geyinmisiniz. Bu klubda, ümumiyyətlə Vladiqafqazda oynamış azərbaycanlı, “Xəzər-Lənkəran”ın ilk baş məşqçisi olmuş Nazim Süleymanovu tanıyırmı?
- Belə bir ad yadıma gəlir. Bilirsiniz necə? “Alaniya”nın bazasında guşə var və orda vaxtilə komandanın formasını geyinmiş məşhur futbolçuların şəkilləri yer alıb. Həmin şərəf lövhəsində Süleymanovun da şəkli var. Dmitri Kramarenkonun da “Alaniya”da oynamasından xəbərdaram.

- 2005-ci ilin avqustun 17-də Albaniya yığmasının heyətində Azərbaycan milli komandasına qarşı oynamısız. 2:1 hesabı ilə qələbə qazandığınız həmin görüşü xatırlayırsınız?
- Əlbəttə ki... Komandanız həmin vaxt çox yaxşı oynadı. Əsasən də birinci hissədə. Hətta ilk qolu da sizin komanda vurdu. Yaxşı xatırlayıram. Ancaq ikinci hissədə biz toparlandıq və sonda sevinən tərəf olduq. Bilirsiniz, Albaniya yığması həmin dövrdə güclü, tarixində ən yaxşı heyətə məhz o vaxt malik idi. Həmin dövrlərdə biz sonradan Avropa çempionu olacaq Yunanıstanı məğlub etmişdik.

- Həmin görüşdə Azərbaycan yığmasının qapısını Dmitri Kramarenko qoruyub, hansı ki, indi bir komandada yer alırsınız. Həmçinin, “Xəzər-Lənkəran”ın digər futbolçusu Alim Qurbanov da həmin matçın iştirakçısı olub. Maraqlıdır, siz onları görəndə tanıdınızmı?
- Doğurdan? Siz bunları haradan bilirsiniz?

- Bizim işimiz budur...
- ...qapıda Kramarenkonun olmasından xəbərim yoxdur.

- Azərbaycanla oyundan söz düşmüşkən, Bakıda yığmamızla oyunun ikinci hissəsinə çıxmaq istəmirdiniz. Bunun səbəbi nə idi?
- Hakimliklə bağlı idi. Səhv etmirəmsə, oyunu gürcüstanlı hakimlər idarə edirdilər. Biz qarşı qərəzli idilər. Federasiya prezidenti ilə baş məşqçi qərara gəlmişdilər ki, ikinci hissədə meydana çıxmayaq. Amma sonradan fikirlərindən daşındılar. Düşündülər ki, yoldaşlıq oyunudur, çox dərinə getməyə dəyməz. Meydana çıxmasaydıq, həm Azərbaycan, həm də Albaniya futbolu üçün xoşagələn hal olmazdı. Yəni əsas səbəb hakimliklə bağlı idi.

- “Xəzər-Lənkəran”ın seçməyində maddi məsələlərin nə dərəcə rolu oldu? Bu klubda, Azərbaycanda nəyi hədəfə almısınız?
- Mənim indi də Yaya Turenin meneceri ilə əlaqələrim var. O mənə dedi ki, Belçika, Türkiyə və Çində oynamaq variantı mümkündür. Həmin variantlar indi də var. Ancaq “Xəzər-Lənkəran”a üstünlük verdim. Admir Teli demişdi ki, “Xəzər-Lənkəran” inkişafda olan klubdur, qarşısına böyük məqsədlər qoyub. Buna görə də Azərbaycana üstünlük verdim. Çünki komandanın ciddi məqsədi varsa, Avropada oynamağa can atır. Deməli ciddi klubdur.
0