“O, azərbaycanlı olması haqda danışmaqdan çəkinir”
23.01.2010 - 14:34
“O, azərbaycanlı olması haqda danışmaqdan çəkinir”
“Futbolçuda başqa ölkənin pasportu ola bilər. Ancaq insanın milliyyəti dəyişməzdir. Əliyev azərbaycanlıdırsa, belə olaraq qalır. Onun pasportunda Rusiya, yaxud Ukrayna vətəndaşı olduğunun yazılması elə ciddi əhəmiyyət kəsb etmir”. Bu fikirləri apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Kiyevin “Dinamo” klubunun baş direktoru Rezo Çoxonelidze deyib.

Qeyd edək ki, “Dinamo”da və Ukrayna milli komandasında çıxış edən Aleksandr Əliyevin azərbaycanlı olub-olmamağı xeyli müddətdir böyük müzakirə obyektinə çevrilib. Rusiyanın Xabarovsk şəhərindən anadan olan, 12 il orada yaşayan 25 yaşlı futbolçunun ulu babasının azərbaycanlı olduğu deyilir. Hər halda, Əliyev soyadı həmişə diqqətimizi cəlb edib. Milliyyətcə gürcü olan Çoxonelidze də Aleksandrın soydaşımız olduğunu təsdiqlədi. Ancaq baş direktorun sözlərinə görə, Ukrayna vətəndaşlığını daşıyan futbolçu əslən azərbaycanlı olması haqda danışmaq istəmir: “Əliyev xarakterinə görə də azərbaycanlıdır. Rusiyada anadan olsa, Ukraynada oynasa da, sizlərə oxşayır. Ancaq Aleksandr azərbaycanlı olması haqda danışmaqdan çəkinir. Çünki bu ona olan münasibətə təsir göstərə bilər. Əliyev yaxşı futbolçudur. Çox işgüzar, istedadlıdır. Sürətli, güclü zərbələri var. Aleksandrın nizam-intizamla bağlı probleminə gəlincə, bu, daha çox kiminlə dostluq etməyindən asılıdır. O, son iki ildə dəyişib. Bilirsiniz, hər bir futbolçunun intizam, zədə ilə bağlı problemi ola bilər. Mən “Dinamo”ya gələndən sonra Əliyev yalnız hazırlıq prosesinə diqqət yetirir. Artıq Ukraynanın əsas yığmasına da cəlb olunur və gözəl oynayır. Onunla ciddi maraqlanan Moskva “Lokomotiv” klubuna keçidi gündəmdə idi. Bununla bağlı danışıqlar gedirdi”.
0