Şok iddia: İtaliya bu gün bilərəkdən uduzacaq - YENİLƏNİB
23.01.2010 - 17:07
Şok iddia: İtaliya bu gün bilərəkdən uduzacaq - YENİLƏNİB
“Bu gün İtaliya yığması Ukraynaya bilərəkdən uduzacaq ki, 1/4 finalda bizim komanda ilə qarşılaşsın”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

O bildirib ki, italiyalılar Macarıstanda keçirilən Avropa çempionatının 1/4 finalında A qrupunun birincisi, yəni yığmamızla oynamaq fikrindədirlər: “Təbii ki, bütün bunlar ehtimaldır. İtaliya bu gün Ukraynaya məğlub olduqdan sonra B qrupunda ikinci pillədə qərarlaşacaq. Onlar 1/4 finalda milli komandamızla ona görə oynamaq istəyirlər ki, yarımfinalda İspaniya ilə üz-üzə gəlməsinlər və nisbətən asan rəqiblə düşsünlər. Əgər İtaliya yığması bu gün ukraynalılara uduzmasa, qrup qalibi qismində 1/4 finala yüksələcək və orada qrupumuzun ikincisi ilə qarşılaşacaq. Daha sonra isə onlar D qrupunun birincisi ilə C qrupunun ikincisi - çox güman ki İspaniya - Serbiya cütünün qalibini sınağa çəkməli olacaqlar. Nəticədə yarımfinalda italiyalılar ispanlarla qarşılaşacaqlar. Bunlar hamısı ehtimallardır və mənə elə gəlir ki, hər şey fikirləşdiyimiz kimi olacaq”.

Qeyd edək ki, Ukrayna - İtaliya görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Yığmamız 1/4 final oyununu yanvarın 25-də bu iki kollektivdən birinə qarşı keçirəcək.

___________

Azərbaycan nümayəndə heyəti Ukrayna və İtaliya arasındakı matçı diqqətdə saxlamaq üçün qarşılaşmanın keçiriləcəyi Debretsen şəhərinə iki nəfəri ezam edir. Belə ki, milli komandamızın baş məşqçisi Joze Alesio da Silva və inzibatçı Budapeştdən 219 km aralıda yerləşən Debretsenə yollanır.
0