Aleks: “Xəzər-Lənkəran”dan belə səviyyəli oyun gözləmirdik
24.01.2010 - 00:01
Aleks: “Xəzər-Lənkəran”dan belə səviyyəli oyun gözləmirdik
“Heç gözləməzdik ki, Azərbaycan komandası bizə qarşı belə səviyyəli oyun nümayiş etdirsin”. Bu sözləri Türkiyənin Antalya şəhərində baş tutmuş yoldaşlıq görüşündə “Xəzər-Lənkəran” üzərində 3:1 hesablı qələbə qazanan “Spartak” klubunun hücumameylli yarımmüdafiəçisi Aleks Meskini deyib.

Braziliya milli komandasının hücumçusu apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına verdiyi açıqlamada bildirib ki, yoxlama matçı gözlənildiyindən də maraqlı keçib: “Bu bizim ilk görüşümüz idi. Çox maraqlı qarşılaşma alındı. Baş məşqçimiz bizə müəyyən tapşırıqlar vermişdi və bunu yerinə yetirməyə çalışdıq. Həqiqətən də “Xəzər-Lənkəran” çox yaxşı oynadı, biz Azərbaycan təmsilçisindən belə oyun gözləmirdik”.

Aleks, həmçinin vurğulayıb ki, “Xəzər-Lənkəran”da oynayan həmyerlisi Juninyo ilə uşaqlıqdan tanışdırlar: “Sizin komandada dostum Juninyonu gördüm. Üstəlik, digər braziliyalı futbolçularla da tanış oldum. Mən Juninyo ilə uşaqlıqda bir komandada oynamışam. Onları burda görüb çox sevindim”.

Qeyd edək ki, Aleks “Xəzər-Lənkəran”la oyuna fasilədən sonra çıxıb.
0