Milli komandamızın kapitanı: Ukraynanın 3 zəif cəhəti var
24.01.2010 - 00:26
Milli komandamızın kapitanı: Ukraynanın 3 zəif cəhəti var
“Fikrimcə, Ukrayna zəif komanda deyil. Ümumiyyətlə, Avropa çempionatında zəif komanda yoxdur. Bütün futzal ictimaiyyəti fikirləşir ki, qitə birinciliyində ən zəif qrup bizim çıxış etdiyimiz A qrupu idi. Amma əslində belə deyil. Sadəcə, biz kimi uduruqsa, deyirlər ki, zəif olduğuna görə qalib gəlmişik”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan futzal yığmasının kapitanı Marat Salyanski deyib.

Təcrübəli qapıçı vurğulayıb ki, Macarıstanda keçirilən Avropa çempionatının 1/4 finalında Ukrayna ilə qüvvəsini sınayacaq milli komandamızın şansı nisbətən yüksəkdir: “Şansları 60-ın 40-a dəyərləndirirəm. Təbii ki, 1/4 finalda rəqibin İtaliya yox, Ukrayna olması daha yaxşıdır. Bununla belə, əgər çempionatda növbəti mərhələlərə vəsiqə qazansaq onsuz da güclülərlə - İspaniya, Rusiya, Portuqaliya komandaları ilə qarşılaşacağıq”.

Marat Ukrayna yığmasının zəif cəhətlərini də açıqlayıb. O, gələcək rəqibimizin 3 zəif nöqtəsi olduğunu söyləyib: “Birincisi, onlar qapı önünə, yəni 6 metrliyin yanına rəqibi çox buraxırlar. Nəticədə təhlükəli vəziyyətlər yaratmaq mümkün olur. Bundan başqa, ukraynalılar ləngdirlər, biz onlardan cəldik. Həm də onlar bizdən yaşlıdırlar”.

Qeyd edək ki, yığmamız Ukrayna komandasını yanvarın 25-də Bakı vaxtı ilə saat 23:00-da sınağa çəkəcək.
0