50-nin 50-yə
24.01.2010 - 03:22
50-nin 50-yə
“Hansı komanda daha çox irəliləmək istəyirsə, rəqibin kimliyi barədə düşünməməlidir. Məncə, Avropa çempionatının yarımfinalına düşmək şansımız 50-nin 50-yədir”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan yığmasının futzalçısı Serjio Luis Lukas deyib.

Macarıstanda təşkil olunmuş qitə birinciliyinin 1/4 finalındakı rəqibimiz Ukrayna haqqında danışan braziliyalı legioner yaxşı oyun göstərməyin vacibliyini bildirib: “Çempionatın birinci qarşılaşmasında Macarıstanla görüşdə yaxşı təsir bağışlamadıq. Çexlərlə ikinci turdakı oyunumuz alındı. İndi yenə də yaxşı oynamalıyıq. Əks təqdirdə, nəticə arzuolunmaz olacaq. Çünki 1/4 finalda kim uduzacaqsa, evə qayıdacaq”.

Serjio macarların qapısına bir qol vursa da, çexlərlə görüşdə fərqlənə bilməyib. Lakin o, 2 oyunda cəmi 1 qol vurmasına görə, narahat deyil: “Mənim üçün ən əsası komandanın qələbə qazanmasıdır. Kimin neçə qol vurması isə ikinci dərəcəli məsələdir”.

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması yanvarın 25-də keçiriləcək.
0