Tixon Şişov: Əgər “Xəzər-Lənkəran”la titul qazansam... - MÜSAHİBƏ
25.01.2010 - 00:01
Tixon Şişov: Əgər “Xəzər-Lənkəran”la titul qazansam... - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” Türkiyədə keçirdiyi hazırlıq çərçivəsində heyətinə iki yeni futbolçu cəlb edib. Onlardan biri - Tixon Şişov Estoniya yığmasının heyətində 20 görüşdə meydana çıxıb. Tallin “Levadiya”sından dəvət olunan 27 yaşlı müdafiəçinin karyerasında vətənində “Puuma”, Pyarnu “Levadiya”sı, habelə Macarıstanın “Qyor ETO” klubları olub. 6 dəfə Estoniya çempionu, 5 dəfə isə ölkə kubokuna sahib çıxan Şişov apasport.az saytının Antalyaya ezam olunan müxbirinin suallarını cavablandırıb.

- Azərbaycana gələn estoniyalılar Dmitri Kruqlov, Taavi Rahn və Andrey Stepanov yalnız bir komandada - “Neftçi”də oynayıb. Siz digər klubumuzda forma geyinəcək ilk estoniyalı oldunuz.
- Üç həmyerlimin Azərbaycanın bir komandasında oynamasına fikir verməmişəm. Onlar mənim yığmadakı dostlarımdır. Mənə “Xəzər-Lənkəran”dan təklif gəldi. Baxışa gəldim, bəyənildim və bu komandadan razıyam. Digər komandalarınızda oynayacaq ilk estoniyalı olduğumu isə sizdən eşidirəm.

- Ölkəmizdə çıxış edən həmyerlilərini necə xarakterizə edərdiniz?
- Kruqlov haqda xoş sözlər eşidirəm. Onun “Neftçi” klubunda yaxşı oynamasından xəbərim var. Taavi Rahnın ölkənizdə hansı səviyyədə oynaması barədə nəsə deyə bilmərəm. Stepanov isə son zamanlar yığmanın düşərgəsinə çağırılmır. Onu çox gec-gec görürəm və haqqında hansısa bilgiyə malik deyiləm.

- Bura gəlməyində onların vasitəçiliyi olubmu? Onlardan nəsə məsləhət alıbsınızmı?
- Xeyr, onların hər hansı vasitəçiliyi olmayıb. Biz onlarla milli komandada görüşəndə, hər kəs çıxış etdiyi ölkədən danışır. Onlar da mənə Azərbaycan futbolu barədə danışmışdılar. Kruqlovun “Neftçi”də oynadığını bilirdim. Amma konkret “Xəzər-Lənkəran” haqda soruşmamışam. Bir də ki, mən nəsə eşitmək yox, hər şeyi öz gözlərimlə görmək istəyirdim.

- Həmyerlilərin sizi “Neftçi”yə gətirmək fikrinə düşməyiblər ki?
- Xeyr, onlarla elə bir söhbətimiz olmayıb.

- “Neftçi” “Xəzər-Lənkəran”ın ən prinsipial rəqibidir. Bu derbi görüşdə həmyerlilərinə qarşı oynamaq çətin olmayacaq ki?
- İndi mənə bu barədə fikir bildirmək çətindir. Meydanda üz-üzə gələndə, hər şey bəlli olacaq.

- Estoniya yığmasında Azərbaycan milli komandasına qarşı oynamısınızmı?
- Milli komandanıza qarşı oynamamışam. Amma dəqiq tarixini bilməsəm də, klublarınıza qarşı “Birlik Kuboku” turnirində forma geyinmişəm. Həmin vaxt “Levadiya” klubunun şərəfini qoruyurdum. Komandanızın adını və görüşün necə nəticələndiyini isə xatırlamıram.

- Estoniyada 11 titulunuz var. “Xəzər-Lənkəran”da da titul qazansanız, bu, karyeranızda hansı yeri tutacaq?
- Azərbaycanda da hər hansı titul qazansam, özümü bir pillə yuxarıda hiss edəcəyəm.

- Estoniya və Macarıstan klublarında oynamısınız. Bu komandaları “Xəzər-Lənkəran”la necə müqayisə edərdiniz?
- Mənim üçün indi müqayisə aparmaq tezdir. Onu deyə bilərəm ki, “Xəzər-Lənkəran” iddialı klubdur, mehriban kollektivi var. Səviyyəsinə görə “Levadiya”dan üstündür. Macarıstan komandası ilə müqayisə edə bilmərəm. Çünki orda az oldum.
0