Bütün diqqət Budapeştə!
25.01.2010 - 00:13
Bütün diqqət Budapeştə!
Bu gün futzal üzrə Azərbaycan milli komandası tarixində ən ciddi sınağını verəcək. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, yığmamız Macarıstanda keçirilən Avropa çempionatının 1/4 finalında Ukrayna ilə qarşılaşacaq. “Papp Laslo” İdman Sarayında gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Milli komandamızla müqayisədə, ukraynalılar çox təcrübəlidirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, yığmamız qitə çempionatında ilk dəfə çıxış etdiyi halda, rəqib 5 dəfə bu mötəbər yarışın həyəcanını yaşayıb. Özü də Ukrayna bunların ikisində finala qədər irəliləməyi bacarıb. Düzdür, onlar hər iki cəhddə kuboksuz qalıblar. 2001-ci ildə İspaniya (2:1), bundan iki il sonra isə İtaliya yığması (1:0) çempionluğa əngəl törədib. Hər halda, ukraynalıların aktivində iki gümüş medal var.

Baş məşqçi Qennadi Lisençukun yetirmələri Macarıstana da iddialı gəliblər. Onlar B qrupunda Belçikanı 4:0 məğlub etdikdən sonra İtaliya ilə qüvvələrini sınayıblar. Görüşün gedişində 1:1 hesablı bərabərlik olsa da, sonda məğlubiyyətdən yaxa qurtarmaq müşkülə çevrilib (2:4). Nəticədə öz qrupunda ikinci pillədə qərarlaşan Ukrayna komandası A qrupunda birinci yeri tutmuş yığmamıza rəqib olub.

Ukrayna milli komandasının Avropa çempionatındakı nəticələri:
1996-cı il - 5-ci yer
1999-cu il - final mərhələsində iştirak etməyib
2001-ci il - 2-ci yer
2003-cü il - 2-ci yer
2005-ci il - 4-cü yer
2007-ci il - qrup mərhələsi
0