Aqil Nəbiyev “Olimpik-Şüvəlan”dan ayrılmaq istəyir
25.01.2010 - 01:17
Aqil Nəbiyev “Olimpik-Şüvəlan”dan ayrılmaq istəyir
Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Olimpik-Şüvəlan” aparıcı futbolçularından birini itirə bilər. Belə ki, paytaxt təmsilçisinin müdafiəçisi Aqil Nəbiyev birdən-birə 5 komandanın maraq dairəsinə düşüb. Bu barədə apasport.az saytının Antalyaya ezam olunan əməkdaşı ilə söhbətində Nəbiyevin özü məlumat verib.

“Türkiyədə tanınmış bir menecer var. Mənə yaxınlaşıb dedi ki, məşqçilərlə oyununu izləmişik və çıxışın xoşumuza gəlir. Əgər istəyirsənsə, Bank Asiya Liqasında mübarizə aparan klublardan birinə transfer edə bilərik. Konkret ad çəkməsə də, 3 klubdan birinə keçməyimin mümkün olduğunu dedi” – deyə Nəbiyev bildirib.

Milli komandamızın da şərəfini qoruyan Nəbiyevin sözlərinə görə, həmin menecer onun telefon nömrəsini də götürüb: “Telefon nömrəmi aldı. Demək olar ki, onunla hər gün görüşürük. Məndən oyunun olan disk istəyib. Ola bilsin ki, qış fasiləsində baş tutmasa belə, yayda həmin klublardan birinə keçəcəyəm”.

Futbolçu həmçinin vurğulayıb ki, Unibank Premyer Liqasında mübarizə aparan klublardan birinə keçməsi də gündəmdədir: “İndidən ad çəkmək düzgün olmazdı. Onu deyə bilərəm ki, mənimlə maraqlanan hər iki komanda hazırda turnir cədvəlində “altılıq”da yer alıb”.
0