Vaqif Cavadovun komandası uğursuzluq zolağında
25.01.2010 - 10:18
Vaqif Cavadovun komandası uğursuzluq zolağında
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubu uğursuzluq zolağına düşüb. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi ölkə çempionatında növbəti xal itkisinə məruz qalıb. Erediviziyanın 19-cu turunda “Qroningen” klubunun qonağı olan Stiv Maklarenin yetirmələri meydanı qolsuz heç-heçə ilə tərk edib – 0:0. Ötən tur “Utrext”lə səfər matçında da eyni hesaba üzülən “Tvente” ardıcıl ikinci dəfə xal itirməklə liderlə xal fərqinin yaranması ilə barışmalı olub.

19 turdan sonra hesabında 49 xal olan Vaqifin komandası lider PSV-dən 2 xal geri qalır. Üçüncü pillədə qərarlaşan “Ayaks”ı 7 xal qabaqlayan “Tvente” növbəti matçını yanvarın 31-də keçirəcək. Cavadovun komanda yoldaşları “Roda”nı sınağa çəkəcək.

Qeyd edək ki, yanvarın əvvəlində “Tvente” ilə müqavilə bağlayan Cavadov hələ yeni klubunda debüt etməyib.
0