Savinov: Heç kim “Bakı”nı hesabdan silməsin
27.01.2010 - 19:02
Savinov: Heç kim “Bakı”nı hesabdan silməsin
“Azarkeşlərə borcluyuq. Moskvadakı uğursuzluğu ölkə çempionatında və kubok yarışlarında unutdurmalıyıq. Özü də hər iki cəbhədə mübarizə aparacağıq. Buna ehtiyat oyunçular skamyamızın genişliyi də imkan verir.” Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın moldovalı müdafiəçisi Aleksey Savinov klubun rəsmi saytına açıqlamasında deyib.

Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışında sol ayağından zədə alan təcrübəli futbolçu artıq fərdi məşqlərə başlayıb. Milli komandasının da üzvü olan Savinovun 2 həftədən sonra əsas qrupa qoşulacağı gözlənilir. Onun məşqlərdəki canfəşanlığı və əzmkarlığı tezliklə heyətə dönmək niyyətindən xəbər verir.

Aleksey “Bakı”nın bu mövsümdəki şanslarını da qiymətləndirib: “Premyer Liqanın qalan 5 oyununda əzmlə mübarizə aparıb altılığa düşməliyik. Sonra isə hər oyun 6 xal anlamına gələcək. Kuboku da ikinci dərəcəli turnir kimi qiymətləndirmək düzgün olmaz. Çempionluğa görə bu yarışı qurban vermək yanlış olardı. Əvvəla, çempionluğu təmin etməmişik. Digər tərəfdən isə kubok Avropaya aparan ən qısa yoldur. Odur ki, heç kim bizi hesabdan silməsin”.
0