Portuqaliyalılar yığmamızla oyuna uşaqlarla hazırlaşdılar
27.01.2010 - 23:34
Portuqaliyalılar yığmamızla oyuna uşaqlarla hazırlaşdılar
Portuqaliya futzal yığması sabah Avropa çempionatının yarımfinalında qarşılaşacağı Azərbaycan milli komandası ilə oyuna qeyri-adi formada hazırlaşıb. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Pireney yarımadası təmsilçiləri uşaq futzalçılarla birgə məşq keçiblər.

Onlar dünən 1/4 finalda Çexiyanı məğlub etdikdən (5:1) sonra bu gün səhər saatlarında yarımfinal görüşünün keçiriləcəyi Debretsen şəhərinə gəliblər. Günün ikinci yarısında keçirilən yeganə məşq isə qeyri-adi sonluqla başa çatıb. Baş məşqçi Orlando Duart 1 saatlıq məşqin ilk 40 dəqiqəsində yetirmələrinə müxtəlif tapşırıqlar verib. Son 20 dəqiqədə isə meydançaya uşaqlar da daxil olublar və portuqaliyalılarla oynamağa başlayıblar. Uşaqların Avropanın ən güclü futzal kollektivlərindən biri ilə görüşünün xüsusi səbəbi var imiş. Demə, Portuqaliya yığmasının çalışdırıcısı komandanın kuratoru olan macarıstanlı qıza söz verib ki, yarımfinala çıxacaqları təqdirdə, futzalçılar onun atasının məşq etdirdiyi uşaqlarla oynayacaqlar. Komada yarımfinala yüksəldiyi üçün Duart vədinə xilaf çıxmayıb.
0