Portuqaliya yığmasının bombardiri: Qalib gələcəyimizə ümidvarıq
28.01.2010 - 01:47
Portuqaliya yığmasının bombardiri: Qalib gələcəyimizə ümidvarıq
“Çox ağır oyun olacaq. Çünki Azərbaycan milli komandası ilə ötən il Avropa çempionatının seçmə mərhələsində qüvvəmizi sınamışıq. Rəqibin heyətində güclü futzalçılar, o cümlədən təzyiq altında oynamağa öyrəşmiş braziliyalılar var. Buna baxmayaraq, biz qələbə qazanacağımıza ümid edirik”. Bu sözləri apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Portuqaliya yığmasının futzalçısı Joel Rikardo Ribeyro Keyruş deyib.

28 yaşlı oyunçu bu gün Avropa çempionatının yarımfinalında Azərbaycan yığmasına qarşı keçiriləcək matç barədə fikirlərini bölüşüb. O, komandamızın heyətində 4 futzalçının adını çəkib: “Azərbaycan yığmasında yaxşı oyunçular var. Serjio və Biro Jadeni xüsusi fərqləndirmək istəməzdim. Sizin komandanızda 8 və 14 nömrəli oyunçular (Rizvan Fərzəliyev və Vitali Borisov nəzərdə tutulur - red.) da güclüdür. Fərdi olaraq, kiməsə yox, bütün Azərbaycan yığmasına hörmət edirik və özümüzü onlardan qorumağa çalışacağıq”.

Qeyd edək ki, Joel Keyruş 4 qolla Avropa çempionatında Portuqaliya komandasının bombardiridir.
0