“Əslində, Portuqaliya Avropa çempionatında oynamamalı idi” - MÜSAHİBƏ
28.01.2010 - 02:52
“Əslində, Portuqaliya Avropa çempionatında oynamamalı idi” - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Marat Salyanskinin apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Portuqaliya ilə yarımfinal görüşü ərəfəsində yığmamızın Ukrayna ilə oyununun videoyazısına baxmısınız. Bu matçla əlaqədar baş məşqçi sizə nələri dedi?
- Ukraynalılarla görüş zamanı müdafiədə buraxdığımız səhvlər müzakirə olundu. Bəzi epizodlarda rəqib komandanın futzalçılarını qapı qarşısında nəzarətsiz buraxmışıq. Bundan başqa, hərdən epizodlara vaxtında çatdıra bilməmişik. Nəticədə qol vəziyyətləri yaranıb. Matçın videoyazısına baxmaqda əsas məqsəd növbəti görüşdə eyni səhvləri təkrarlamamaq idi.

- Yarımfinalda Portuqaliya ilə qarşılaşsaq da, rəqibimiz Serbiya da ola bilərdi.
- Fikrimcə, serblərlə oyun bizə daha asan olardı. Portuqaliyalılarla müqayisədə, onlar nisbətən zəifdirlər. Hər halda, ötən ilin martında seçmə mərhələdə Portuqaliya yığmasına qarşı mübarizə aparmışıq və oyun 3:3 hesabı ilə başa çatıb.

- İndiyədək portuqaliyalılarla keçirdiyimiz 6 matçın 5-də uduzmuşuq. Yəni, Pireney təmsilçisinə qalib gələ bilməmişik. Necə düşünürsünüz, bu dəfə tilsimi qıra biləcəyikmi?
- Ukrayna ilə oyundan sonra uşaqlarla ciddi söhbət etdik. Necə deyərlər, özümüz özümüzü qarşıdakı matça köklədik. Yarımfinala vəsiqə əldə etməyimiz də böyük uğurdur. Ancaq bununla kifayətlənmək, indiki mərhələdə dayanmaq istəmirik. Portuqaliyanı məğlub edərək, finalda da qələbə qazanmaq və Vətənə çempion kimi dönmək niyyətindəyik.

- Yarımfinalda şansımızı necə qiymətləndirərdiniz?
- Ötən il portuqaliyalılarla görüşün böyük hissəsində üstünlük bizim tərəfimizdə idi. Hətta biz onları məğlub edə bilərdik, ancaq 6 metrlik cərimə zərbəsini qola çevirməyi bacarmadıq. Ümumiyyətlə, Portuqaliyada yerli komandaya qarşı oynamaq çətindir. Onlar hakimin köməkliyi sayəsində seçmə mərhələni adladılar. İndi yığmamızda əhval-ruhiyyə yüksəkdir, biz psixoloji cəhətdən rəqibdən üstünük. Çünki 3 oyunda 3 qələbə qazanaraq, yarımfinala çıxmışıq. Qarşı tərəf isə çempionatda cəmi bir dəfə qalib gəlib. Mənə elə gəlir ki, şanslar bərabərdir. Əslində, Portuqaliya Avropa çempionatında oynamamalı idi. Seçmə mərhələnin ikinci turunda Finlandiya komandası ilə görüşdə hesab 2:1 olarkən, başqa sözlə, matçın final fitinə 8 saniyə qalmış portuqaliyalı futzalçı əllə topu qapıdan çıxarmışdı. Həmin epizodda hakim 6 metrlik cərimə zərbəsi təyin etməli idi. Ancaq qayda pozuntusu qeydə alınmadı. Əgər oyun 2:2 hesabı ilə yekunlaşsaydı, Portuqaliya seçmə mərhələni adlaya bilməyəcəkdi.

- Siz, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov və Sergey Çuykov yalnız Çexiya yığması ilə qarşılaşmada bir neçə dəqiqə meydanda olmusunuz. Az oynamağınıza səbəb nədir?
- Birinci özümdən başlayım. Hazırda Andrey Tveryankin məndən güclüdür, ona görə də qapıda o durur. Baş məşqçimiz hesab edir ki, Rəcəb Fərəczadə “böyük futbol”dan gəldiyi üçün taktiki plana uyğun gəlmir. Namiq Bakıdakı təlim-məşq toplanışında zədələnib, təzə-təzə özünə gəlir, bəlkə də yarımfinalda oynadı. Çuykov isə məşqçinin etimadını hələ də doğrultmayıb. İndi kim daha yaxşı hazırdırsa, onlar da meydançaya çıxırlar.
0