Nazirlik üçün Macarıstandan hesabat
30.01.2010 - 17:42
Nazirlik üçün Macarıstandan hesabat
Futzal üzrə Azərbaycan milli komandasının Macarıstanda keçirilən Avropa çempionatında iştirakı ilə bağlı Gənclər və İdman Nazirliyinə (AGİN) hesabat veriləcək. Bunu apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri ilə söhbətində AGİN idman şöbəsinin futbol sektorunun aparıcı məsləhətçisi, futzal kuratoru Fikrət Hüseynov deyib. Nazirlik üçün hesabatı çempionatın oyunlarını canlı izləmiş Hüseynov özü hazırlayacaq.

“Hesabatda Avropa çempionatı, o cümlədən yığmamızın çıxışı barədə qeydlər aparacağam. Əksəriyyət düşünür ki, bizim mübarizə apardığımız A qrupu çox zəif olub. Lakin bu qrupdan iki komanda yarımfinala yüksəldi. Çox sevindirici haldır ki, yarımfinalda Portuqaliyaya oyun vəziyyətindən uduzmadıq” - deyə AGİN rəsmisi vurğulayıb.

O bildirib ki, hesabatda komandamız barədə yalnız müsbət fikirlər yer alacaq: “Çünki səfər ərzində müsbət halların şahidi olmuşam. Yığmamızda nizam-intizam çox yüksək səviyyədədir. Əvvəlki illərlə müqayisədə komandada böyük irəliləyiş var. Texniki, taktiki cəhətdən tərəqqi hiss olunur. Bundan başqa, AFFA rəsmiləri oyunları izləyiblər, yığmamızın çempionatdakı çıxışının işıqlandırılması mətbuat tərəfindən çox yaxşı qurulub”.

Qeyd edək ki, Fikrət Hüseynov uzun illər “böyük futbol” oynayıb. O, “Neftçi” və “Kəpəz”in şərəfini qoruduqdan sonra “İnşaatçı”ya keçib və 1992-ci ildə ilk Azərbaycan kubokunun qalibi olub. Daha sonra futzal oynamağa qərar verən Hüseynov milli komandamızın heyətində dünya və Avropa çempionatlarının seçmə matçlarında çıxış edib. Hazırda nazirliklə işləməklə yanaşı, “Olimpik-Şüvəlan” klubunda menecer vəzifəsini daşıyır.
0