Azərbaycan - Çexiya matçından sonra gərginlik - YENİLƏNİB
30.01.2010 - 22:40
Azərbaycan - Çexiya matçından sonra gərginlik - YENİLƏNİB
Bu gün Azərbaycan futzal yığması Macarıstanda təşkil olunan Avropa çempionatında son matçına çıxır. Milli komandamız 3-cü yer uğrunda görüşdə Çexiyanı sınağa çəkəcək. Çempionatın heç bir matçında uduzmayan (yarımfinalda penaltilər seriyasında Portuqaliyaya məğlubiyyət nəzərə alınmasa) futzalçılarımız fəxri kürsüyə yüksəlməyə yaxındırlar.

Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri Azərbaycan - Çexiya matçının nəticəsini onlayn təqdim edəcək. Sadiq oxucularımız qarşılaşmada vurulacaq qolların müəllifləri, yaşanacaq maraqlı olaylar, eləcə də oyunsonrası baş məşqçilərin səsləndirəcəkləri fikirlərlə saytımız vasitəsilə tanış ola bilərlər.

3-cü yer uğrunda görüş
saat 21:00. Azərbaycan - Çexiya - 3:5
Qollar: Vitali Borisov, 8; Serjio, 19; Fərəczadə, 38 - Mihal Beley, 1; Slama, 23; Dluhi, 26; Kopeçki, 36; 39
Azərbaycan: 1.Andrey Tveryankin, 4.Serjio Luis Lukas, 5.Felipe Ribeyro Dos Santos, 8.Rizvan Fərzəliyev, 9.Qabriel Tyaqu Rodriges
Ehtiyat oyunçular: 12.Marat Salyanski (k), 3.Sergey Çuykov, 7.Rəcəb Fərəczadə, 11.Namiq Məmmədkərimov, 14.Vitali Borisov
Baş məşqçi: Joze Alesio da Silva
Çexiya: 12.Libor Qerçak,7.Martin Dluhi (k), 8.Marek Kopeçki, 9.David Frik, 10.Lukas Rejetar
Ehtiyat oyunçular: 1.Tomaş Meller, 4.Radovan Kraulik, 5.Yozef Havel, 6.Jiri Novotni, 11.Mihal Beley, 13.Zdenek Slama, 14.Yan Yanovski
Baş məşqçi: Tomaş Neumann
Sarı vərəqələr: Serjio, 11; Borisov, 14, Yanovski, 31
Hakimlər: Oleq İvanov (Ukrayna), Borut Siviç (Sloveniya), Tommi Qronman (Finlandiya)
Hakim-inspektor: Pedro Anxel Qalan Nieto (İspaniya)
UEFA nümayəndəsi: Pedro Dias (Portuqaliya)
30 yanvar. Debretsen. “Foniks” İdman Sarayı.

***AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun Macarıstana gələcəyi gözlənilsə də, pis hava şəraiti onlara mane olub. İstanbula qədər gələn rəsmilər orada təyyarə reyslərinin təxirə salındığını görərək, geri qayıtmaq məcbuririyətində qalıblar.

***UEFA prezidenti Mişel Platininin də Debretsenə gəlişində problem yaranıb. Təyyarə reysi olmadığından, Avropanın ən ali futbol qurumunun rəhbəri qatara üstünlük verib. Onun bu dəqiqələrdə qarşılaşmanın keçirildiyi məkana yetişəcəyi gözlənilir.

***Milli komandamızın start heyətində cəmi bir dəyişiklik var. Cəzalı Nilson Maşadonu Tyaqu əvəzləyib.

***Çexlər isə yığmamızın qarşısına demək olar, tam yenilənmiş heyətlə çıxır. Yanvarın 21-də qrup mərhələsində baş tutan oyunla (6:1) müqayisədə, rəqibin ilk “5-liy”ində 4 yeni futzalçı var. Hətta David Frik kapitan sarğısını Dluhiyə verib. Eyni zamanda milli komandamızın 6 dəfə məyus etdiyi qapıçı Tomaş Meller ehtiyatda oturub.

***Bu dəfə yığmamızın oyununu daha çox tamaşaçı izləyir. “Foniks” İdman Sarayında anşlaq var.

Oyun başlandı.

27-ci saniyə. Qarşılaşmaya fəal başlasaq da, erkən qol buraxdıq. Dluhinin ötürməsini Mihal Beley qola çevirdi.

3-cü dəq. Felipenin çox yaxşı imkanı oldu. Onun qapıçının ayaqları arasından vurduğu zərbə dirəyin yanından keçdi.

4-cü dəq. Komandalar qarşılıqlı hücumlar qururlar. Öncə Felipe boş qalmış qapıya vurulan zərbənin qarşısını aldı. Əks-hücum zamanı isə Vitali Borisov şansını qaçırdı.

Baş məşqçi Joze Alesio da Silva ehtiyat futzalçılar - Rəcəb Fərəczadə və Sergey Çuykovu meydana buraxır.

7-ci dəq. 43-cü saniyə. Vitali Borisov sol cinahdan fərdi ustalıq sayəsində müdafiəçini aldatdı və yaxın küncü nişan aldı. Bu epizodda rəqib qapıçı kobud səhvə yol verdiyindən, hesab bərabərləşdi.

10-cu dəq. Rejetar təxminən 4 metrlik məsafədən fərqlənə bilmədi. O, Tveryankinlə dueldən məğlub ayrıldı.

Serjio sürətli keçid etmək istəyən rəqib futbolçunu yıxdı və önündə sarı vərəqə gördü.

12-ci dəq. Nəhayət, milli komandamızda ən çox oyun keçirənlərdən biri Namiq Məmmədkərimov da mübarizəyə qoşuldu.

14-cü dəq. Vitali mərkəzdə kobud səhvə yol verdi. Topu “oğurlayan” Kraulikin qarşısını kobudluqla almaq mümkün oldu. Buna görə də Borisova sarı vərəqə göstərildi.

Joze Alesio da Silva taym-aut götürdü.

15-ci dəq. İdman xoşbəxtliyi Namiq Məmmədkərimovdan üz döndərdi. O, 3 dəfə dalbadal topu qapıya vurdu. Bunların ikisini qapıçı qaytardı, üçüncü isə dirəyə tuş gəldi.

17-ci dəq. Borisov künc zərbəsindən Rizvan tapdı, sonuncunun zərbəsini Qerçak çox çətinliklə zərərsizləşdirdi.

18-ci dəq. Oyunun axarını dəyişmək istəyən Çexiya yığmasının baş məşqçisi taym-aut götürdü.

19-cu dəq. Rəcəb topu nəzarətsiz qalmış qapıya vurmağa gecikdi. Ardından Tyaqunun fantastik zərbəsini Qerçak yan xətdən çıxardı.

19-cu dəq. Serjio iki müdafiəçidən sıyrıldı və saxlamadan qapını dəqiq nişan aldı - 2:1

Yığmamız fasiləyə hesabda öndə yollandı.

İkinci hissəyə start verildi.

22-ci dəq. Serjionun zərbəsi tirdən döndü.

23-cü dəq. Tveryankin komandamızı real qoldan xilas etdi. Slamanın zərbəsini qaytardı. Lakin Andrey topu futzalçımıza ötürmək istəyərkən, səhvə yol verdi. Slama topla bir neçə metr irəliləyərək, “çərçivə”yə qarşısıalınmaz zərbə endirdi.

25-ci dəq. 53-cü san. Tveryankin lazım olmayan yerdə topu başı ilə qaytardı. Topu qazanan çexlər 3 ötürmə ilə hücumu məntiqi sonluqla qurtardılar.

31-ci dəq. Yığmamız əks-hücum qurdu. Rizvan Serjionu qapıçı ilə təkbətək çıxardı. Lakin özünü yetirən Yanovski sarı vərəqə hesabına Serjionu dayandırdı.

32-ci dəq. Tyaqu az qala qol vuracaqdı. Ancaq Qerçak yaxşı reaksiya göstərdi.

33-cü dəq. Bəxtimiz gətirdi. Beley yaxın məsafədən fərqlənə bilmədi.

33-cü dəq. Növbəti hücumda Felipe əla şansı boşa verdi.

Hər iki komanda qapıçını oyunçu ilə əvəzləyir.

34-cü dəq. Qapı dirəyi yenə çexlərin köməyinə gəldi. Serjionun zərbəsi rəqibə həyəcan yaşatdı.

36-cı dəq. Çexlər yenə öz kobud səhvimizdən fərqlənirlər. Bu epizodda qolun günahı Felipedə idi.

38-ci dəq. Serjionun assisentliyi ilə Rəcəb Fərəczadə hesab arasındakı fərqi azaltdı.

Son dəqiqələrdə milli komandamız çoxsaylı şanslardan yararlana bilmir.

Final fitinə 9,9 saniyə qalmış Kopeçki daha bir qol vurur. Beləliklə, Çexiya yığması bürünc medal qazanır.

Çexlər axırıncı qola sevinərkən, Dluhi ilə Namiq Məmmədkərimov arasında gərginlik yaşandı. Oyun başa çatdıqdan sonra da Namiq rəqib komandanın kapitanı ilə haqq-hesabı çürütmək istədi. Lakin bir neçə dəqiqədən sonra Dluhi həmvətənimizdən üzr istədi.
0