Joze Alesio da Silva 2 səbəb göstərdi
30.01.2010 - 23:27
Joze Alesio da Silva 2 səbəb göstərdi
“Yorğunluq və psixoloji amillər oyunumuza mənfi təsir göstərdi. Çoxlu qol vəziyyətlərimiz olmasına baxmayaraq, məğlubiyyətlə üzləşdik. Ancaq ilk dəfə Avropa çempionatında iştirak etdiyimiz nəzərə alsaq, 4-cü yer də pis nəticə deyil”. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio da Silva deyib.

41 yaşlı braziliyalı mütəxəssis Macarıstanda keçirilən Avropa çempionatında 3-cü yer uğrunda Çexiyaya qarşı keçirilmiş görüş haqda fikirlərini bildirib. O, mənəvi cəhətdən rəqibdən zəif hazırlaşdıqlarını istisna etməyib: “Ola bilsin ki, mənəvi cəhətdən çexlərdən geri qalırdıq. Çünki yarımfinaldan öncə Çexiya komandasının baş məşqçi ilə görüşəndə, onlar İspaniyaya uduzacaqlarını gözləyirdilər. Biz isə finala yüksəlməyə çox yaxın idik. Yarımfinalda məğlubiyyət yetirmələrimə psixoloji təsirini göstərdi”.

Qeyd edək ki, milli komandamız 3:5 hesabı ilə uduzaraq, Avropa çempionatında 4-cü yerlə kifayətlənib.
0