Hiddink Avro-2012-nin püşkatmasında Türkiyəni təmsil edə bilər
03.02.2010 - 10:47
Hiddink Avro-2012-nin püşkatmasında Türkiyəni təmsil edə bilər
Qus Hiddinkin Türkiyə milli komandasının yeni baş məşqçisi olacağı yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, məşhur LİGTV kanalında 64 yaşlı holland mütəxəssisin artıq fevralın 8-də bu vəzifəyə təyin ediləcəyi bildirilib. Türkiyə Futbol Federasiyası bu informasiyanı nə təsdiq, nə də təkzib edib.

“Fanatik” qəzetinin əməkdaşları isə Hiddinklə daha tez müqavilə bağlanılacağını yazıblar. Belə ki, Türkiyə tərəfi təyinatı istirahət günlərinə qədər, haradasa cümə günü reallaşdırmağı nəzərdə tutub. Bu da bazar günü milli komandamızın baş məşqçisi Berti Foqtsun da iştirakı nəzərdə tutulan 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasını keçiriləcəyi ilə bağlıdır. Yəni, türkiyəlilər Polşanın paytaxtı Varşavada baş tutacaq həmin tədbirdə Hiddinkin onları təmsil etməsini istəyirlər.

Qeyd edək ki, Çindən də təklifi olan Hiddink Rusiya yığmasının baş məşqçisi kimi ötən seçmə mərhələdə milli komandamızla görüşüb. O, yollarını ayırmaq istədiyi şimal qonşularımıza 2008-ci ilin yayında Avropa çempionatının bürünc medalını qazandırıb.