“Vaqif Cavadov bu gün “Tvente”yə yaramır”
03.02.2010 - 10:58
“Vaqif Cavadov bu gün “Tvente”yə yaramır”
Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” bu gün Hollandiya çempionatında növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, “Herakles” ilə qarşılaşma ərəfəsində Hollandiya mətbuatı Enshede təmsilçisinin heyəti ilə bağlı mülahizələrini açıqlayıb.

Həmkarlarımızın fikrincə, baş məşqçi Stiv Maklaren ötən tur “Roda”nı məğlub edən “Tvente”nin qalib heyətində dəyişiklik etməyəcək. Holland jurnalistlər Vaqifin bu gün yeni komandasında debüt etmək perspektivinə də toxunub: “Herakles”ə qarşı “Roda” ilə görüşdə meydana çıxan futbolçuların oynayacağı gözlənilir. Zədədən sonra formasını tam bərpa etməyən Slobodan Raykoviç ehtiyat oyunçular skamyasında qalacaq. Müdafiəçi Devid Karni və qapıçı Nikolay Mixaylov bu günkü matçda “Tvente”yə yaramır. Eyni sözlər Vaqif Cavadova da aiddir. Baş məşqçi Stiv Maklaren ona hələ bir neçə həftə vaxt verməlidir ki, Enshede təmsilçisinə uyğunlaşsın. Çünki Vaqif yalnız ötən həftə komandaya qoşulub”.

Qeyd edək ki, “Tvente”nin “Herakles”lə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.