Fatih Terimin yerinə sürpriz namizəd
03.02.2010 - 11:04
Fatih Terimin yerinə sürpriz namizəd
Rumıniya futbolunun canlı əfsanəsi George Haci Türkiyə milli komandasının baş məşqçisi olmaq istəyir. Apasport.az saytının məlumatına görə, vətənində futbol akademiyası açan 45 yaşlı veteran yarımmüdafiəçi Antalyaya gəlib. Hacinın rəhbərlik etdiyi 3 komandanın tərkibində 370 yeniyetmə futbolçu var və onlar Antalyada təlim-məşq toplanışına qatılıblar.

Elə hazırlıq prosesi zamanı Türkiyə mətbuatına müsahibə verən rumıniyalı gələcək karyerasından danışıb: “Bu ilin mayından yenidən məşqçilik fəaliyyətimə başlamaq niyyətindəyəm. Türkiyə milli komandasından təklif gələrsə, bu, mənim üçün çox gözəl olar. Çünki Türkiyəni yaxşı tanıyıram. Lakin təyinatla bağlı məsələ mənim səlahiyyətlərimə daxil olmadığından, bu barədə çox danışa bilmirəm”.

Qeyd edək ki, Haci 1996-cı ildən 2001-ci ilədək “Qalatasaray”ın şərəfini qoruyaraq, “sarı-qırmızılılar”ın UEFA kubokunu qazanmasında böyük rol oynayıb. Amma onun məşqçilik fəaliyyəti heç də uğurlu alınmayıb. George Rumıniya yığması, “Bursaspor”, “Qalatasaray”, “Politexnika” və “Styaua” klublarında heç nə ilə yadda qalmayıb.