“Neftçi” “Amkar” klubunun futbolçusu ilə maraqlanır
03.02.2010 - 11:12
“Neftçi” “Amkar” klubunun futbolçusu ilə maraqlanır
Bakının “Neftçi” klubu Rusiya Premyer Liqasında çıxış edən braziliyalı futbolçu Artur de Oliveyru Vilyamla maraqlanıb. Apasport.az saytının Rusiyanın “Sport-Ekspress” qəzetinə istinadən verdiyi məlumata görə, Permin “Amkar” klubunun transferə çıxardığı 28 yaşlı yarımmüdafiəçi dördqat ölkə çempionumuzun maraq dairəsinə düşüb: “Braziliyalı Azərbaycan komandasının heyətində yoxlama oyununda bir hissə keçirib. O, “Neftçi”nin məşqçilərinə yaxşı təəssürat oyadıb. Çox güman, Vilyam yaxın günlərdə “Amkarı” tərk edəcək”. 1,81 metr boya, 81 kiloqram çəkiyə malik Vilyam “Amkar”a qədər vətənində “Real-Braziliya” (2006), Serbiyada “Srem” (2006-08), OFK (2008-09) klublarında oynayıb.

Qeyd edək ki, Unibank Premyer Liqasında transfer pəncərəsi sabah bağlanacaq.